İŞİD terror təşkilatı yaranandan bəri Azərbaycandan da Suriyaya gedərəkqanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər olub.Bu barədə dəfələrlə yazmışıq.Ölkəni tərk edərək İŞİD, "Cəbhətül-Nusra", "Cundu Şam", "Ömər Şişani"nin dəstəsi, "Azəri camaatı", "Ceyşul-Mühacirun və Ənsar"və"Ceyşul Hur"kimi qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər, buna cəhd göstərənlərin barəsində cinayət işləri açılıb, mühakimə olunublar. Son dövrlər sözügedən terror təşkilatının sıralarına daxil olanların sayı xeyli azalsa da, təəssüf ki, bu halın qarşısını tamamilə almaq mümkün olmayıb.Budur, azərbaycanlılardan ibarət daha bir dəstə məhkəmə qarşısına çıxarılıb.Cinayət işindən də göründüyü kimi, gənclərin beyniniən çox "yuyan"sosial şəbəkələrdəki cihadla bağlı dini çağırışlar olub.

Suriyada İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan 7 nəfərin - Bakı şəhər sakini 32 yaşlı Elburus Əzizov, Sumqayıt şəhər sakini 30 yaşlı Namiq Quliyev, Sumqayıt şəhər sakini 28 yaşlı Rasim Bədəlov, 33 yaşlı Qobustan rayon sakini İlahi Əzizov, Beyləqan rayon sakini 26 yaşlı Babək Şirinov, 39 yaşlı Zaqatala rayon sakini Elman Mirzəbəyov və 25 yaşlı Zaqatala rayon sakini Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki,prosesə hakim Rauf Əliyev sədrlik edir.

İttihama görə, E.Əzizov və digərləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.Onların barəsində cinayət təqibi başlanıb, axtarış elan olunub.Ötən ilin sentyabr ayında E.Əzizov saxlanılaraq istintaqa təhvil verilib.


Bəşər Əsədə qarşı aparılan silahlı mübarizə, yoxsa cihad?

E.Əzizov ifadəsində2006-cı ildən etibarən ibadətlə məşğul olduğunu, mütəmadi olaraq məscidə gedib-gəldiyini, 2013-cü ildə "Abdulmalik"lə (Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 6 ay cəza alan, hazırda həbsdə olan Malik Musayevi nəzərdə tutur-virtualaz.org) təsadüfən tanış olduğunu bildirib, görüşlərin birində "Abdulmalik"ona Suriyaya gedib Bəşər Əsədə qarşı aparılan silahlı münaqişələrdə, cihadda iştirak etmək istədiyini, ona da birlikdə getməyi təklif etdiyini göstərib: "Onun təklifi ilə razılaşdım.1 yanvar 2014-cü ildə "Abdulmalik"lə birgə Gürcüstana, oradan Türkiyə-Suriya sərhəddini qanunsuz keçərək Babil-Hava şəhərinə gəlib, Aqil Hacıyevin ("Sumqayıt camaatı"nın əmiri kimi tanınan A.Hacıyev əslən Lənkəran rayonundan olub. Bəzi məlumatlarda onun 2014-cü ilin aprel ayıında itkin düşdüyü, "Ən Nusra" tərəfindən tutulduğu və şəriət qanunlarına görə barəsində hökm çıxarıldığı bildirilir-virtualaz.org) rəhbərlik etdiyi "Sumqayıt camaatı"na qoşulduq. Mənə "Abdulxaliq" dini adı verildi".

"Ya qalıb döyüşməli, ya da geri dönməliydik"

E.Əzizov ifadəsində göstərib ki, "Sumqayıt camaatı" azərbaycanlılardan, ərəblərdən və türklərdən ibarət olub.Dəstəyə dini ləqəbi "Abdullah" olan şəxs nəzarət edib."Abdullah" ondan Suriyaya gəlişinin səbəbini soruşduqda cihadda iştirak etməsini istədiyini açıqlayıb və silah tapmağı xahiş edib.Hətta buna görə"Abdullah"a 600 dollar verib. O da silahı yaxın günlərdə gətirəcəyini deyib. E.Əzizov Suriyada olduğu müddətdə heç bir hərbi təlimdə, döyüşlərdə iştirak etmədiyini, yalnız ibadətlə məşğul olduğunu deyib.2014-cü ilin fevral ayında "Sumqayıt camaatı" ilə "Cəbhət ən-Nusra" arasında münaqişə yaranıb: "Qarşımıza belə şərt qoydular: Ya həmin terror qruplaşmasının tərkibində qalıb döyüşməli idik, ya da geri qayıtmalı idik.Mən də geri qayıtmağa qərar verdim".

"Təlim alandan sonra ön cəbhəyə yollanırdılar"

Təqsirləndirilən şəxs qismində dindirilən İlahi Əzizov ifadəsində 2012-ci ildə Suriyada baş verənlərdən təsirlənərək orada hökumət qüvvələrinə qarşı cihadda iştirak etmək qərarına gəldiyini, bu məqsədlə Müşfiqabad qəsəbəsindəki məsciddən tanıdığı, Suriyadakı "Azərbaycan camaatı"nın əmiri "Abu Yahya" ləqəbli Nicat Aşurovla telefon əlaqəsi saxlayaraq onun rəhbərlik etdiyi dəstədə döyüşmək niyyətində olduğunu göstərib: "Həmin ilin dekabr ayında Suriyaya getdim. Hasan adlı qaçaq məni Artma vilayətinə gətirib "Abu Hafs" ləqəbli İntiqam Əliyevin rəhbərlik etdiyi dəstəyə təhvil verdi. Həmin dəstədə bizə hərbi və dini təlimlər keçilirdi, silahla davranış qaydaları öyrədilirdi. "Abu Yəhya"nın dəstəsinə nisbətən biz bir qədər arxada məskunlaşmışdıq. Buraya əsasən Suriyaya yeni gələnlər toplanır, təlim alandan sonra ön cəbhəyə yollanırdılar.Dəstədə olarkən Babək Şirinov və Namiq Quliyevlə tanış olmuşdum".

"Ailəmin təkidi ilə Azərbaycana döndüm"

İ.Əzizovun sözlərinə görə, üç-dörd ay təlimlərdə iştirak etdikdən sonra "Abu Yəhya"nınrəhbərlik etdiyi dəstəyə qoşulmaq üçün Suriyanın Hanadan şəhərinə gedib. "Abu Yəhya" onu qarşılayaraq "Mühacir" adlı düşərgəyə aparıb.İŞİD qruplaşmasının tabeliyində olan həmin dəstəyə qoşulandan sonra bir ay Hanadanda Suriya hökumətinin Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.Hətta bir dəfə qızğın döyüşlər zamanı hər iki tərəfdən çoxlu sayda itkilər olsa da, döyüşdən sağ-salamat, yaralanmadan çıxıb.Bundan sonra "Abu Yəhya" onu Rakkaya göndərmək istəsə də, imtina edərək həmin camaatı tərk edib və dörd ay Hamadanda qalıb, heç bir camaatın tərkibinə qoşulmayıb.Ailə üzvləri ilə telefonla əlaqə saxlayarkən onlara Suriyada olduğunu deyib.Ailəsinin təkidi ilə 2012-ci ilin ortalarında Azərbaycana qayıdıb.

"Cihadda iştirak etmək üçün gələnlərin yığışdığı evdə məskunlaşdıq"

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Quliyev 2007-ci ildən sələfi təriqəti üzrə etiqad etməyə başladığını, Suriyadakı prosesləri internet vasitəsilə izlədiyini, döyüşlərdə iştirak etmək qərarına gəldiyini göstərib: "Sumqayıt şəhər sakinləri Tural, Rəcəb, Emin, Tamerlanla birgə 2012-ci ilin oktyabr ayının 15-də Türkiyəyə gəldik. Oradan Artma vilayətinə keçərək "Cəbhət ən-Nusra"nın nəzarətindəki, cihadda iştirak etmək üçün gələnlərin yığışdığı evdə məskunlaşdıq. On gün gözləmə məntəqəsində qaldıq.Həmin vaxt orada mənə "Hüseyn" dini ləqəbi verilmişdi.Məni sonradan Dana qəsəbəsində "Abu Hafs"ın rəhbərlik etdiyi silahlı dəstənin təlim düşərgəsinə apardılar.Üç ay orada odlu silahlardan istifadə qaydası üzrə təlimlər aldım, dəstə üzvlərinə ərzağı "Abu Hafs" ləqəbli İntiqam Əliyev paylayırdı. Orada olarkən "Yunus" ləqəbli İlahi Əzizov və Babək Şirinovla tanış olmuşdum. 2013-cü ilin fevral ayında Azərbaycana qayıtmışam".

"Suriyada gedən proseslərə etiraz etdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Rasim Bədəlov 2013-cü ilin yay aylarında internet vasitəsilə Suriyada gedən prosesləri izlədiyini, yaşamaq üçün ora getmək qərarına gəldiyini göstərib.Həmin ilin iyun ayında Əmirağa adlı tanışı ilə görüşüb.Əmirağanın özü ilə gətirdiyi üç nəfər şəxslə birgə Suriyaya yola düşüb. Bir ay Trabzonda qaldıqdan sonra Artma şəhərinə gedib: "Milliyyətcə türk olan Əhməd adlı qaçağın köməkliyi ilə sərhədi keçdik. Vüsal adlı şəxs bizi qarşılayıb bir evə yerləşdirdi.İyirmi gün orada qaldıqdan sonra Suriyadagedən proseslərə etiraz etməyə başladım, Azərbaycana qayıtmaq qərarına gəldim.Heç vaxt heç bir camaata qoşulmamışam, təlimlərdə olmamışam, döyüşlərdə iştirak etməmişəm.Orada tanış olduğum Rüstəm adlı şəxsin köməkliyi ilə Azərbaycana qayıtmışam".



"Gözüm zəif gördüyü üçün mətbəx işlərinə keçdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Babək Şirinov hazırda ailəsi ilə birgə uzun müddətdir Suriyada yaşayan bibisioğlunun dəvəti ilə "Əhli-sünnə" məzhəbinə uyğun ibadət etməyə başladığını, 2012-ci ildə "İlahiyyat" məscidində dini ləqəbi "Əbu Aişə" olan Eldəniz adlı şəxslə tanış olduğunu göstərib: "Qohumum Rəşad da yanımda idi. Eldəniz Suriyanın şəriət qanunları ilə idarə olunduğunu dedi, birlikdə getməyi təklif etdi, biz də razılaşdıq".

B.Şirinov ifadəsində göstərib ki, 2012-ci ilin sentyabr ayında Türkiyəyə, oradansa Artma şəhərinə gedib."Abu Hafs"ın dəstəsinə qoşulub, özünə "Abdulla"dini ləqəbini götürüb.Gözü zəif gördüyünə görə, yalnız mətbəx işlərinə keçib. Beş-altı ay orada qalıb işləyərək ayda 100 dollar maaş alıb. 2013-cü ilin mart ayında Azərbaycana qayıdıb.

Sərhədi keçməyə cəhd edərkən "dayan" əmri verilib

B.Şirinov iki il sonra -2015-ci ildə yenidən Suriyaya qayıdaraq döyüşmək istəyib. Yol pulu əldə etmək üçün tanışlarından borc pul alıb.Amma pasportu olmadığına görə tanışı Elman Mirzəbəyovdan onuGürcüstandan Türkiyə ərazisinə keçirməsini xahiş edib.2015-ci ilin oktyabr ayında B.Şirinov E.Mirzəbəyevlə birlikdə sonuncunun Zaqatalanın Əlilabad kəndində yaşayan qohumu Əfqan Şamxalovun evinə yollanıblar.Oktyabrın 15-də gecə saat 3 radələrində rayonun Muğanlı kəndi ərazisindəki zastavanın arxa hüduduna gediblər, sərhədi keçmək istərkən Dövlər Sərhəd Xidmətinin əməkdaşları ilə qarşılaşıblar."Dayan" əmrindən sonra B.Şirinov qaçmağa başlayıb.Lakin çox qaça bilmədiyindən sərhədçilər tərəfindən yaxalanıb.E.Mirzəbəyev isə həmin vaxt qaçıb aradan çıxmağa müvəffəq olub.Hadisədən 1 ay sonra əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Qazma kəndi ərazisində saxlanılıb.Onun üzərindən "Kalaşnikov"və "Sayqa"avtomat silahları, patronlar aşkar edilərək götürülüb.

"Barəmdə axtarış elan olunduğunu dedilər"

Təqsirləndirilən Elman Mirzəbəyov ifadəsində Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşadığı evi sataraq GürcüstanınSaqareco rayonunun Qaraçöp kəndinə qayınatasının evinə köçdüyünü, sonralarsa Bakıya gələrək kirayə yaşadığını göstərib. Təxminən bir il əvvəl tikintidə işləyərkən tanış olduğu Babək Şirinov ona Suriyaya getmək istədiyini, amma pasportu olmadığına görə gedə bilmədiyini, qanunsuz yolla sərhədi keçmək istədiyini deyib. O da öz növbəsindəköməklik edəcəyinə söz verib: "Bacım oğlu Əfqanın evi boş olduğundan Babəki ora yerləşdirdim. Babək Suriyaya getmək istəyir, orada hər şeyin normal olduğunu deyirdi, müəyyən şəxslərə zəng vurub pul istəyirdi, şəxsiyyət vəsiqəsi olmadığına görə ona gələn pulu götürməkdə köməklik göstərməyi xahiş etmişdi. 5 kilometr yolu piyada getdikdən sonra Alazan çayı üzərindəki körpüyə yaxınlaşdıqda qarşımıza əsgər çıxdı, "dayan"əmri verdi. Mən qaçıb üç gün meşədə gizləndim.Sonradan bacımla əlaqə saxlayarkən axtarışa verildiyimi öyrəndim".

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.Onlar Suriyada heç bir qruplaşmanın tərkibində döyüşmədiklərini və heç bir təlimlərdə iştirak etmədiklərini bildiriblər.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.