Bu gün Quba rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi "İveco markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.