"Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq.
Unikal.org bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O qeyd edib ki, Azərbaycan ATƏT dəyərlərinə böyük önəm verən ölkələrdəndir: "Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq.
Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.