"Azərbaycanda da dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Ölkəmiz davamlı terror, qaçqın problemi ilə üzləşib. Məscid, kilsə və sinaqoqlar məhv edilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
O, bütün bunlara baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllini istədiyini bildirib: "Son zamanlar dünyada baş verən hadisələr dini ekstremizmin tüğyan etməsinə təkan verib. İfratçı cərəyanlar niyyətlərini həyata keçirmək üçün üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq yaradır.
İnsan qırğının, maddi və mənəvi irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya, ksenofobiya, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir. Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk. Bu sahədə dövlət başçıları, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığı vacibdir.
Fürsətdən istifadə edib patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinə Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə həlli və onun dini qarşıdurmaya çevrilməməsi istiqamətində səylərini yüksək qiymətləndirdiyimizi diqqətə çatdırmaq istəyirəm. Hesab edirik ki, milli və dini zəmində baş verən münaqişələrin həllində Azərbaycanın uğurlu modelindən bəhrələnmək məqsədəuyğun olardı.