Qardaşını qətlə yetirən qonşusundan qisas almaq üçün onun oğlunu öldürən Kamil Fərəcovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə baxılıb.
İstintaqla müəyyən olunub ki, 2012-ci ildə 1-ci Zabrat qəsəbəsində Kamil Fərəcovun gözü qarşısında qardaşı Rəfail Fərəcov Rabil Musayev tərəfindən amansızcasına öldürülüb. Kamil Fərəcov bundan sonra qisas almaq niyyətinə düşüb. O, Rabil Musayevin oğlu Yaqub Musayevi öldürmək qərarına gəlib. K.Fərəcov qardaşının 12 kalibrli ov tüfəngini götürüb, Yaqubun evinin yaxınladakı internet kluba gəlib. Bir müddət sonra Yaqub Musayev və onun bibisi oğlu Pərvin Mehdiyevin gəldiyi görən Kamil Fərəcov gödəkçəsinin altında gizlətdiyi ov tüfəngini çıxaraq onlara atəş açıb. Atəş nəticəsində Yaqub Musayev hadisə yerində ölüb, onun bibisi oğlu Pərvin Mehdiyev isə ağır yaralanıb. Hadisə yerində olan şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan Pərvin Mehdiyevin həyatını xilas etmək mümkün olub.
Kamil Fərəcov isə hadisə yerindən qaçaraq Ağsuya gəlib. Burada o, özü polisə təslim olub.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıq adam öldürmə), 29,120.2.3(zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə cəhd), 29,120.2.4( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 29,120.2.7( iki və daha çox adamı öldürməyə cəhd) maddələri ilə ittiham verilib.
Məhkəmədə dindirilən Kamil Fərəcov özünü qismən təqsirli bilib və törətdiyi əməldən səmimi peşman olduğunu deyib. O, qardaşı Rəfailin 2012-ci ildə Rabil tərəfindən bıçaqla vurularaq öldürüldüyünü deyib: "Həmin gün Rabil gecə vaxtı Rəfailə zəng edərək söyüş söydü. Rəfail Rabilin arxasınca getdi. Mən də onun dalınca getdim. Rabil qardaşımın qanını tökdü. Rəfael qucağımda can verdi. Ondan sonra ailəmizlə birlikdə Ağsuya getdik.
Kamil Fərəcov ifadəsində deyib ki, heç vaxt Rabili və ya onun hər hansı övladını öldürmək niyyəti olmayıb: "Birinci dəfə Rabili və onun ailəsini məhkəmədə gördüm. Rabil 14 il cəza aldı. Məhkəmələrdə bizə ilişirdilər. Bir təhər şeytana lənət deyib, həzm edirdim. 2014-cü ildə Bakıya gəldim. Rabilin oğlu Yaqubu gördüm. O, mənim yanımdan gülə-gülə keçdi. Bu, mənə pis təsir elədi. Qardaşımı öldürənlərin bu cür hərəkət etməyini həzm edə bilmirdim. Əsəbləşmişdim. Sanki Yaqub bunu qəsdən edirdi. Həmin gün qəzəbimi boğub Yaquba fikir verməyərək evə getdim. Evdə qardaşım Zaurun tüfənginin şəklini gördüm. Sanki içimə şeytan girdi. Qardaşımı öldürənlərdən qisas almalıydım. Rabilin oğlu Yaqubu elə həmin tüfənglə öldürüb qardaşımın qisasını almaq qərarına gəldim.. Evdən çıxdım. "Nizami metrostansiyasının yaxınlığındakı ov dükanından 5 manata 8 ədəd patron alıb evə qayıtdım.
Təqsirləndirilən şəxs olay yaşanan gündən danışıb: "Mart 24-ü səhər atamla oturub yeməyimi yedim. Tüfəngi gödəkçəmin altında gizlədərək evdən çıxdım. Fikrim vardı ki, Yaqubu görsəm vurum, görməsəm də silahı yerinə qoyum. Zabratda internet kluba gəldim. Yaqubun yolu burdan keçirdi. Fikirləşdim ki, Yaqub keçən kimi onu vurum. Gözlədim, gəlmədi. Sonra məhlə tərəfə çıxdım. 307 saylı orta məktəbin yanında Yaqubu və onun yanındakı əvvəllər tanımadığım oğlanı gördüm. Üz-üzə gəldik. Onların yanına çatanda tüfəngi gödəkçəmdən çıxardım 2-3 metrlikdən Yaquba iki dəfə atəş açdım. Həmin vaxt Yaqubun yanındakı oğlan üzərimə hücum çəkdi. Həmin oğlanı vurmaq istəmirdim. Yumruğunu sıxa-sıxa üstümə gəlirdi. Arxaya adımladım. Tüfəngi əlimdən almaq istəyirdi. Qolu güclüydü. Gördüm, əl çəkmir. 20-25 santimetrdən qoluna bir atəş açdım. Yerə yıxıldı. Qan açıldı. Qanı görüb, yenə ayağa qalxaraq üstümə gəlirdi. Nə edəcəyimi bilmirdim. Özümü itirdim. Dala gedə-gedə ayağına atəş açdım. Qarnına dəydi. Yerə yıxıldı. Yaqubun yanına getdim, öldüyünə tam əmin olmaq üçün kürəyinə də bir güllə vurdum. Bu zaman gördüm, Pərvin qalxmaq istəyir. Silahı ona tuşladım. Amma gülləm yoxuydu. Onu qorxuzaraq dala-dala qaçmağa başladım. Hadisə yerindən qaçmışdım. Avtobusa mindim. Koroğlu stansiyasına gəldim. Polisə təslim olmaq istəyirdim. Atama zəng elədim, zəng çatmadı. Gecəni Neftçilərdə internet klubda keçirdim. Səhər Kürdəmirə gəlib, oradan Ağsuya keçdim. Qardaşım Rəfaelin qəbrinin üstünə gəldim. Onun qisasını almışdım. Qəbir üstündən digər qardaşım Zaura zəng elədim. Görüşdük, hadisəni danışdım. Birlikdə polisə getdik, təslim oldum.
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Pərvin Mehdiyev ifadəsində deyib ki, anası ilə birlikdən rayondan Novruz bayramını qohumları ilə birlikdə keçirmək üçün gəlib: "Hadisə günü dayıoğlu Yaqub zəng elədi. Pal-paltar almaq istəyirdi. Dedi, şəhərə bir yerdə gedək. Razılaşdım. Saat təxminən 11 olardı, Yaqubgilin evinin yaxınlığındakı mağazanın yanında görüşdük. Piyada Zabrat şossesi istiqamətində gedirdik. 307 saylı orta məktəbin qabağından keçəndə Kamillə qarşılaşdıq. O, bizim yanımızdan keçən kimi üstümüzə gəldi və gödəkçəsinin altından çıxardığı silahla ardıcıl iki dəfə atəş açdı. Yaqub yerə yıxıldı. Mən onu ayağa qaldırmaq istədim. Gördüm ki, Yaqub yerə yıxıldı, hərəkətsiz qaldı. Başımı Kamilə tərəf qaldırdım. Bu zaman Kamil əlindəki silahla qoluma sonra isə sinəmə atəş açdı. Yerə yıxıldım. Kamil yenidən Yaquba tərəf gedərək ona bir daha atəş açdı. Kamil ordan qaçdı. Yoldan keçən bir nəfər öz maşınıyla bizi Sabunçu xəstəxanasına apardı.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Sevinc Məmmədova 1993-ci ildə Rabil Musayevlə evləndiyini deyib: "Birgə nikahdan 1994-cü ildə Yaqub, 1995-cı ildə isə Cavidan anadan oldu. 2004-cü ildən Zabrata köçdük. 2012-ci ildə saat 23-də Rabil evin yanındakı qarışıq mallar mağazasında qonşumuz Rəfaillə mübahisə edərək onu öldürdü. Ərimə 14 il iş verdilər. Bu hadisədən sonra Rəfailin qohumları ilə aramızda dava-qırğın oldu. Dəfələrlə məni və uşaqlarımı təhqir elədilər. Bizi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən münaqişəli ailə kimi qeydiyyata almışdılar. Martın 24-də səhər-səhər Yaqubu yuxudan oyatdım. Mağazaya keçdim. Yaqubla baldızım oğlu Pərvin gəldi. Pul verdim. Yaquba paltar almağa getdilər. Onların getməyindən 15-20 dəqiqə sonra qonşu içəri girərək Yaqubun vurulduğunu dedi. Ayaqyalın məktəbin həyətinə qaçdım. Yolda sahə müvəkkili Seyidağa müəllim avtomobillə minməmi istədi. Ondan oğlumun sağ olub-olmadığını, kim tərəfindən vurulduğu soruşdum. Dinmədi, gözləri doldu. Biz xəstəxanaya getdik. Xəstəxanaya çatanda zarıyan Pərvinin avtomaşından düşməyini gördüm. Birdə gördüm sağdan oğlumun meyitini gətirdilər. Həyatım sönmüşdü. Özümü saxlaya bilmədim. Oğlum artıq həyatda yoxuydu.
S. Məmmədova ifadəsində bildirib ki, Pərvin ağır yaralı olaraq onları Kamilin vurduğunu dedi: "Yaqubun öldürülməsində Kamilin atası Güləsəf, anası Kübra, qardaşları Zaur və Rübail də iştirak edib. Bu qətl hadisəsi məhz bu ailənin bütün üzvlərinin iştirakı ilə qabaqcadan planlaşdırılaraq həyata keçirilib. Kamili hadisə yerindən yaxınlıqda avtomobildə onu gözləyən Rübail qaçırdıb aparıb. Kamilə tüfəngdən atəş açmağı da keçmiş polis əməkdaşı olan qardaşı Zaur öyrədib. Bunların hamısı cinayətkardır. Ən ağır cəza tələb edirəm.
Məhkəmənin hökmü ilə Fərəcov Kamil Güləsəf oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, 29,120.2.3-cü, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.