Xəbər verdiyimiz kimi, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin aidiyyəti qurumlarının canlı qüvvə və texnikası dərhal paytaxtın rayonlarına cəlb olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 texnikadan və 33 nəfərdən ibarət şəxsi heyəti Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki Zevin küçəsində, Abşeron rayonunun Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonunun Qala qəsəbəsində, Binəqədi rayonunun ərazisində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonunun Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb. Təxliyə edilən şəxslərdən 17-si azyaşlıdır.
Nazirliyin Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırıb.
Hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir texnikası və 7 nəfərlik şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərini davam etdirir.