Oqtay Əsədov: "Azərbaycanla münasibətləri bərpa etmək üçün Avropa Parlamenti tərəfindən müxtəlif cəhdlər olub
"Ötən bir il ərzində Avropa Parlamenti tərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil olub, səfərlər edilib, münasibətləri yenidən bərpa etmək üçün cəhdləri göstərilib.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Milli məclisinin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, son cəhd olaraq bu yaxınlarda Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib və Azərbaycan prezidenti ilə də görüşləri olub: "Ötən il onlar Azərbaycanla bağlı qeyri-obyektiv qərar verdikləri üçün əlaqələr kəsilmişdi. Amma ötən müddət ərzində, xüsusilə qurumun nümayəndə heyətinin son səfərində bu münasibətlərə aydınlıq gətirildi. Ona görə də biz bu gün iclasda "Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında sənədi müzakirəyə çıxaracağıq".
Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib.
Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.