Azərbaycan Ermənistana qanunsuz silah satışı ilə əlaqədar Rusiyaya etiraz notası təqdim edib.
Unikal.org xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Kütləvi informasiya vasitələrində Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsi barədə məlumat veriliv. Məsələ ilə əlaqədar Azərbaycan XİN tərəfindən Rusiyan Fedferasiyasının XİN-ə nota ünvanlanıb".
XİN rəsmisi deyib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barəsində təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: "İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur. Ermənistanın Azərbaycan ərazilərini işğalının davam etməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır. Azərbaycan tərəfi son istifadəçi şəhadətnaməsinə uyğun olaraq, ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin veriləcəyini gözləyir".