Rusiya Coğrafiya Cəmiyyəti Xəzər dənizinin dibini tədqiq etmək üçün Dərbəndə ekspedisiya göndərib. Dalğıclar I Pyotr donanmasının batmış gəmilərini axtarırlar. Təxminən 300 il əvvəl rus imperatoru Fars yürüşünə yollanmış və onun donanması güclü qasırğa nəticəsində çox sayda gəmisini itirmişdi. Alimlər artıq Dərbənd yaxınlığında bir neçə tapıntı aşkarlamağa müvəffəq olublar.

Unikal.org Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Xəzər dənizinin 10 metr dərinliyində dalğıclar görünüşünə görə gəmi lövbərinə bənzər dəmir əşya tapıblar. Tapıldığı yerdə diqqətlə tədqiq olunan lövbərin yaxınlığında həmin donanmaya məxsus ola biləcək taxta gəmi fraqmentləri də aşkarlanıb.

I Pyotr fars və ya Xəzər yürüşünü təxminən 300 il bundan əvvəl, 1722-ci ildə təşkil etmişdi. O vaxt imperatorun şəxsən başçılıq etdiyi yürüşə 200 gəmi cəlb olunmuşdu. Mahiyyət etibarilə bu kampaniya Rusiyanın Qafqazda hərbi iştirakının başlanğıcına çevrilmişdi. I Pyotr yürüş zamanı bir neçə gün Dərbənddə qalmışdı. Lakin Xəzər dənizində başlayan payız qasırğaları və bu səbəbdən onlarla gəminin batması rusların Cənubi Qafqazın içərilərinə doğru hərəkətini yarıda qoymuşdu.

İmperator gəmilərin batdığı yerə dair hazırda bir neçə fərziyyə mövcuddur. Ekspedisiyanın məqsədi də tarixçilərin və yerli sakinlərin verdiyi məlumatları yoxlamaqdır.