İran prezidenti Həsən Ruhani tezliklə Ermənistana səfər edəcək. Hələlik səfərin konkret tarixi bilinməsə də, onun çox ləngiməyəcəyi, hətta bu ayda reallaşacağı gözlənilir. Hər necə olmasa, nə rəsmi Tehran, nə də İrəvan səfərlə bağlı yayılan informasiyanı təkzib edib.
Unikal.org musavat.com-a istinadən bildirir ki, Həsən Ruhaninin Ermənistan səfərini labüd edən ən ciddi motiv isə onun ötən yay Bakıda Azərbaycan və Rusiya prezidentləri ilə iki və üçtərəfli görüşlər keçirməsi, iqtisadi-ticari, energetik-nəqliyyat sahələri üzrə üçtərəfli anlaşmaların əldə olunmasında iştirakıdır.
Bəllidir ki, həmin səfər və Bakı zirvəsi, habelə İranla ölkəmiz arasında əlaqələrin dərinləşməsi işğalçı tərəfdə dərin təlaş doğurub. Çünki İran Rusiyadan sonra Ermənistanın ikinci mühüm tərəfdaşı, quru sərhədi olan yeganə tərəfdaşı və "nəfəsliyidir".
Üstəlik, Həsən Ruhani Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə Qarabağ konfliktinin həll yollarını müzakirə eləmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyini İranın dəstəklədiyini açıq bəyan eləmişdi. Ruhani habelə, rəsmi Tehranın münaqişənin müstəsna olaraq dinc yolla həllinə tərəfdar olduğunu bildirmişdi.
***
Bir çox müşahidəçilərə görə, Tehranın öz qonşuluğunda yeni müharibə sarıdan narahatlığı təbiidir. Çünki o halda İran da istər-istəməz münaqişəyə hansısa şəkildə müdaxilə etməli olacaq. Həmçinin, İrandakı Güney amili Qarabağa görə hərəkətə gələcək, qonşu Türkiyə konfliktə Azərbaycan tərəfdə müdaxilə edəcək, nəhayət, Tehranın nəinki Azərbaycan və Rusiya ilə, eləcə də Ermənistanla iqtisadi layihələri təhlükə altına düşəcək. İqtisadi-maliyyə durumu yaxşı olmayan və beynəlxalq sanksiyalardan təzəcə qurtulan İrana isə hadisələrin bu cür inkişafı qətiyyən əl vermir.
Bu xüsusda istisna deyil ki, İran prezidenti İrəvana təkcə Bakı səfərindən dolayı hansısa siyasi balans yaratmaq və iqtisadi ikitərəfli iqtisadi əlaqələri genişləndirmək üçün getmir, eyni zamanda və daha çox, münaqişə bölgəsində yeni müharibə ehtimalının nə dərəcədə real olduğunu İrəvana "anlatmaq" üçün yollanır. Hər necə olmasa, İran da apreldəki döyüşlərdən sonra Qarabağ danışıqlarının təzədən dalana girdiyinin fərqindədir.
Bundan əlavə, Ruhani İrəvana artıq həm də rəsmi Bakının, prezident İlham Əliyevin konkret mövqeyi ilə, daha dəqiqi, bəzi mesajlarla gedir. Söhbət, əlbəttə ki, prezident Serj Sərkisyana bir az "ağıl vermək"dən, onu reallığa qaytarmaqdan, o sırada Qarabağda yeni hərbi qarşıdurmalara rəvac verəcək addım və mövqedən erməni tərəfini çəkindirməkdən gedir.
Bundan ötrü isə Ermənistan rəhbərliyinin Qarabağ məsələsində radikal, maksimalist deyil, yumşaq mövqe tutması tələb olunur, əks halda mövcud status-kvonu yenə artilleriya atəşləri pozacaq - özü də bu dəfə daha geniş miqyasda. Ruhani bunu bilir.
***
Bəs İran lideri istəyinə nail ola biləcəkmi? Söyləmək çətindir. Bir şey dəqiqdir ki, Tehranın vasitəçilik imkanları məhdud olsa da, onun İrəvana real təsir rıçaqları hələ ki qalır. Biri elə cənub qonşumuzun Ermənistan üçün iqtisadi "nəfəslik" rolunda qalmaqda davam eləməsi.
Doğrudur, Qarabağ ixtilafının köklü həlli Rusiya kimi İranı da qane eləmir. Çünki bu halda xüsusən də Azərbaycan güclənəcək, onun siyasi müstəqilliyi möhkəmlənəcək, iqtisadi inkişafı sürətlənəcək, həmçinin, Bakı hərbi xərclərə ayırdığı böyük vəsaitləri iqtisadiyyatın müxtəlif sahələrinə yönəldə biləcək və nəhayət, onun Güneyə təsiri artacaq. Lakin münaqişənin dondurulmuş vəziyyətdə qalması və ya ən yaxşı halda 5 rayon variantının gerçəkləşməsi isə Azərbaycanı yenə də Moskva və Tehranla ehtiyatlı olmağa vadar edəcək.
Konkret İrana gəlincə, analitiklərə görə, əslində Tehran İsrail və Türkiyə ilə son illər geniş əlaqələr qurmuş güclü Azərbaycanda yox, məhz güclü Ermənistanda maraqlıdır. Yəni gerçək budur ki, Tehran işğalçı ölkəni özünə daha etibarlı sayır. Ruhaninin İrəvan səfərində bir mesaj da yəqin, elə bu ola bilər ki, "Azərbaycanla yaxınlaşmağa rəğmən, Tehran Ermənistanı unutmayıb, onu Azərbaycanla əvəzləməyib, onun yanındadır".
***
Fəqət, sərt reallıq belədir ki, İranın Azərbaycan və Ermənistana münasibətindən asılı olmayaraq, müharibə gələndə heç kimdən soruşmayacaq. Müharibə isə yuxarıda sadalan səbəblərdən İrana da ciddi iqtisadi, siyasi, humanitar problemlər, hətta daxili siyasi təlatüm, qısası, böyük imtahan vəd edir. İşğalçının yanında olmaq indi faktiki surətdə böyük müharibənin yanında olmaq deməkdir.
Odur ki, onun önlənməsi artıq həm də regional oyunçulardan biri kimi İranın qayğısı olmalıdır. Tehranın işğalçı ölkəyə təsir imkanı isə Moskvadan heç də az deyil. Qalır, nəhayət, onları işə salmaq...