Azərbaycanda dəbdəbəli yas mərasimlərinin keçirilməsi və  israfçılıq hallarının qarşısının alınması məqsədi ilə bir müddət əvvəl bir sıra qadağalar təklif  olunsa da  insanlar buna əməl etmək istəmirlər.
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, əhali sadə yas mərasimləri təşkil etməkdə maraqlı deyil. 
 
 Bir sıra məscid və mərasim zallarında  təqdim edilən menyulardan və çadırların növlərindən (sadə və VİP) aydın olur ki, insanlar yas mərasimlərində qənaət etmək əvəzinə, bəziləri hətta borc alıb dəbdəbəli  yas mərasimi keçirir.
"VİP çadırların qiyməti 900-1200 AZN arasında dəyişir".
Apardığımız araşdırmadan məlum oldu ki, bu gün Bakıda yas mərasimlərinin qiymətlərinin  toy və digər mərasimlərin qiymətlərindən heç də geri qalmır.  Şəhərdə   yas mərasimlərinin təşkili üçün istənilən qiymətə məkan və çadırlar kirayələmək olar. Yas çadırları da kateqoriyalara bölünür: sadə və VİP.  Çadırların qiyməti təklif olunan xidmətlərin səviyyəsindən asılı olaraq  dəyişir. Məsələn, məscidlərdə  200 nəfər üçün nəzərdə tutulan sadə çadırın qiyməti 600 AZN, VİP çadırların qiyməti isə 900-1200 AZN arasında dəyişir.  Həmin çadırlara pərdə, qapı və kondisioner daxildir.
Mərasim zallarında yas keçirmək istəyənlər 200 nəfər üçün adambaşına 8-12 manat (icarə haqqı, yemək və s. bütün xidmətlər daxildir) xərcləməlidir. Məscidlərin mərasim zallarında isə bu qiymət 12-15 manat arasında dəyişir. Əgər kirayə çadır götürürsünüzsə, bu zaman yalnız çadır üçün 300 manat, yemək üçün adam başına 10 manat, mollaya isə 80-100 manat pul verməlisiniz. Amma məscidlərin təklif etdiyi çadır üçün 600-1200 (sadə, VİP), yemək üçün adam başına 10 manat, molla üçün isə 80-100 manat ödəməlidirlər.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq olunsa da  heç kim buna əhəmiyyət vermir:
"Bu gün də əvvəlki kimi hamı yas mərasimi keçirəndə qənddən, meyvədən, şokoladdan tutmuş, müxtəlif növ aşa qədər müxtəlif qidaları süfrəyə qoyurlar. Amma bilmirlər ki, islamda belə bir qanun yoxdur. Heç bir peyğəmbər, imam öləndən sonra onlara görə belə süfrələr açılmayıb. Çünki dində ehsan süfrə açmaq deyil, yaxşılıq etmək deməkdir", - deyə qurum rəsmisi bildirdi.
Komitənin sədri onu da əlavə etdi ki, bəzi rayonlarda yas mərasimlərinə ciddi nəzarət olunsa da heç bir irəliləyiş əldə olunmayıb.
"Yas zamanı yemək qazanları insanlardan götürüldü ki, yemək bişirməsinlər, amma onda da hamı narazılıq etdi ki, bu,  düz  deyil. Daha sonra isə bəzi insanlar dedi ki, bunu qanun çərçivəsinə salın. Amma biz adət-ənənəni qanunlaşdıra bilmərik. Sadəcə təbliğat vasitəsilə insanları başa salmalıyıq ki, yasda israfçılıq etmək olmaz", - deyə Mübariz Qurbanlı vurğuladı.
Dünya müsəlman ölkələrinə nəzər salsaq, heç bir ölkədə bu cür yazılmamış qayda qanunların, israfçılığın olmadığını görmək olar. Məsələn, Türkiyə, İranvə Pakistanda qəbir daşları, yer pulu ödənişli olsa da orada təmtəraqlı mərasim verilmir, süfrədə isə yemək olmur. Buna yalnız yəhudilərdə rast gəlmək olar.Ruslar isə yas mərasimində masaya  müxtəlif spirtli içki qoyurlar.
Araşdırmadan məlum oldu ki, Azərbaycanda  yas mərasiminin təşkili üçün külli miqdarda vəsait tələb olunur. Qəbir yerlərinin müəyyən olunmasından yas mərasiminin təşkil olunmasına qədər bütün xərcləri nəzərə alsaq, kifayət qədər böyük məbləğ ortaya çıxır. Bu isə rəhmətə gedən şəxsin ailəsi üçün problemə çevrilir. Amma müsəlman ölkəsində yaşayıb özünü müsəlman adlandıran hər kəs bilməlidir ki, ölən şəxsə görə çoxlu pul xərcləyib təmtəraqlı ehsan verməkdənsə, bir insana yaxşılıq etmək daha yaxşı olar. O zaman ölən şəxsin də ruhu şad olar.