"Nurçuluğun" Aslanovları yuvarladığı qaranlığın pərdəarxası
Bu il iyulun 15-də Türkiyədə baş verən və yüzlərlə insanın ölümü ilə sonuclanan çevriliş cəhdindən sonra Fətullah Gülən şəbəkəsinin istər qardaş ölkədə, istərsə də onun hüdudlarından kənardakı bağlantılarının ciddi təhlükə mənbəyinə çevrildiyinə heç bir şübhə qalmadı. Artıq FETÖ - Fətullahçı Terror Örgütü kimi tanımlanan Gülənçi şəbəkənin Azərbaycanda da bir sıra mənsublarının olması, onların zərərsizləşdirilməsi yönündə çağırışlar səslənir, müzakirələr gedir. Əslində isə prosesləri dərindən təhlil etdikdə belə başa düşmək olar ki, rəsmi Bakı Fətullah Gülən şəbəkəsinə bağlılığı ilə bilinən şəxslərin «ofsayd»a salınmasına hələ əvvəldən başlayıb. Görünür, bu şəbəkənin Azərbaycanın Konstitusiya ilə təsbit olunmuş dünyəvi dövlət prinsiplərinə də təhlükə təşkil etdiyini hiss edən hökumət çevrələri bu istiqamətdə qardaş ölkədəki çevriliş cəhdindən çox öncə bəzi addımlar atıb. Gülənçi şəbəkənin bizdəki ən «parlaq» nümayəndələrindən olan Elnur Aslanovun vaxtilə və bir çoxlarının heç gözləmədiyi halda «vurulmasını» da həmin kontekstdə dəyərləndirmək lazımdır. Elə Aslanovun anası Rəbiyyət Aslanovun parlament üzvlüyündən kənarda saxlanılması da Azərbaycan hökumətinin xüsusilə son iki ildə Fətullah Gülənin «hizmət hərəkatına» bağlı şəxsləri zərərsizləşdirmək üçün ciddi səylər göstərdiyinin başqa bir nümunəsidir.
Elnur Aslanovla başlayan "təmizləmə əməliyyatı"

2007-ci ildə, 30 yaşında ikən Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilən Aslanov, 2014-cü ilin martında bu vəzifədən kənarlaşdırıldı, bundan az sonra - apreldə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri, avqustda isə Elektron İdarəşiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edildi. Maraqlıdır ki, bütün bu proseslər həmin vaxt ölkə KİV-lərində Elnur Aslanovun 2012-ci ildə "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxışadlı Vaşinqtonda təşkil olunan mötəbər tədbirdə Elnur Aslanov Fətullah Gülənlə gizlicə görüşməsi ilə bağlı xəbərlərin fonunda cərəyan edirdi. Belə başa düşmək olar ki, hökumət dairələri həmin vaxt anası hələ də Milli Məclis üzvü olan Elnur Aslanovun Gülən şəbəkəsinə bağlılığına tam arxayın olmuş və onu özündən kənarlaşdırmağa qərar vermişdi. Maraqlıdır ki, həmin görüşdə o vaxt deputat olan Ceyhun Osmanlının da iştirak etdiyi bildirilirdi. Nəzərə alsaq ki, Osmanlı da artıq «ofsayd» vəziyyətinə salınıb, onda rəsmi Bakının FETÖ-nün 15 iyul çevriliş cəhdindən hələ çox əvvəl Gülən şəbəkəsi ilə bağlı şəxsləri zərərsizləşdirməyə, onu öz içindən təmizləməyə başladığına heç bir şübhə qalmır. Rəbiyyət Aslanovanın mandatsız qalmasında da Fətullah faktoru rol oynayıb.

Elnur Aslanov indi hardadır?

Ən maraqlı məqamlardan biri isə adı ətrafında bu qədər iddiaların, ittihamların ortada dolaşdığı bir vaxtda E.Aslanovun üzə çıxmamasıdır. Hətta onun ölkədən kənarda ola biləcəyi də istisna edilmir.
Avqustda onun ölkədən qaçdığı yönündə xəbərlər belə, yayılmışdı. Həmin xəbərlərə isə o, məzuniyyətə çıxdığı sözləri ilə cavab vermişdi. Elə isə Aslanova jurnalistlər qarşısına çıxmağa, barəsində deyilən və yazılanlara münasibət bildirməyə, aydınlıq gətirməyə nə mane olur?
Bu məqamda ortaya çıxan daha geniş sual var: ümumiyyətlə, -¦axı Aslanovlar niyə susur?
Ən maraqlısı isə odur ki, mediada və ictimai rəydə Fətullah Gülən şəbəkəsi ilə bağlılıqlarına dair kifayət qədər sərt ittihamların səsləndiyi bu müddətdə nə Rəbiyyət Aslanova, nə də onun oğlu Elnur Aslanov təkzibedici çıxışlara lüzum görməyiblər. Onlar belə ittihamları susqunluqla qarşılayırlar, bu isə haqlı suallar yaradır. Məsələn, ola bilərmi, həmin susqunluq razılıq əlamətidir?
Yaxud mümkündürmü ki, Aslanovlar deyilənlərə qarşı ictimaiyyəti razı salacaq kontr-arqumentlər tapmağa çətinlik çəkirlər?
İndiyədək Elnur Aslanov və Rəbiyyət Aslanova sadəcə olaraq, ümumi sözlərdən istifadə edərək nadir açıqlamalar verməklə kifayətləniblər, halbuki bu açıqlamalar onlar barəsində cəmiyyətin beynindəki çoxsaylı suallara cavab sayıla bilməz. Ona görə də belə güman etmək olar ki, Fətullah Gülən şəbəkəsi ilə bağlantılar məsələsində Elnur Aslanovun və onun anası, sabiq deputat xanımın deyəcək tutarlı sözü sadəcə yoxdur!

Bütün bu detallar aslanovların hansı məzhəbə qulluq etdiyini göstərir. Ancaq artıq bu dəstənin pərdə arxasındakı gizli əməlləri üzə çıxıb və hər kəs onları iç üzlərini yaxşı tanıyır.
Elvin Rüstəmov