Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda şair Gülağa Tənha ifadə verib. O ifadəsində bildirib ki, 2014-cü ildən İlham Qasımovla münasibətləri çox yaxşı olub və onunla şərik olaraq biznes plan qurmağa qərar veriblər.

Onun sözlərinə görə, "Odlar Yurdu MTK"-nın adı ilə qurulan şirkətin fəaliyyəti üçün İ. Qasımova ümumilikdə 19,5 milyon dollar verib: "O da bu pula bina tikməli idi. Mənə deyirdi ki, əlimizə yaxşı pul gələcək, yaxşı qazanacağıq. Sonra bu işlər alınmadı və onun məni aldatdığını gördüm. 12 ev tikirdi, mənə 18 deyirdi. Mən də pulumu istəyəndə, İlham məni təhqir etdi. Bundan sonra məsələni qanun çərçivəsində həll etməyi qərara aldım. Müxtəlif rayonlarda İlham Qasımov 40-a yaxın adamı aldadıb. Pulumuzu istəyəndə isə məni təhqir edirdi".

O, İ. Qasımovun borcu olan şəxslərdən birinin hələ həbsxanada olarkən vəfat etdiyini də deyib.

Sonra Gülağa Tənha dövlət ittihamçısının suallarını cavablandırıb.
Proses davam edir.

İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.
İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.