Milli Məclisin ilk iclasında Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə qərar qəbul edib. Qərarda bildirilir ki, Avropa Parlamentinin 2015- ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.
Azərbaycanla Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015- ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb.
Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.
Bu il sentyabrın 19-21 arasında Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib. Səfərin yekunlarına uyğun olaraq, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib.
Bununla da Avropa Parlamenti ilə əlaqələrin yenidən bərpası üçün 14 sentyabr 2015- ci il tarixli qərarın 10-cu və 11- ci maddələri qüvvədən düşüb.
Unikal.org bildirir ki, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə azvision.az-a deyib ki, avropalı deputatlar Azərbaycana qarşı yol verilmiş nöqsaları etiraf edb və bunun səhv olduğunu söyləyiblər. Bundan sonra Milli Məclis Avropa Parlamenti ilə barışıq elan etdi.
"Avropa Parlamentindən Azərbaycana gələn nümayəndə heyəti qətnamənin səhv olduğunu və Azərbaycana qarşı haqsızlıq edildiyini kampaniyanı etiraf etdilər".
Millət vəkili qeyd edib ki, Azərbaycan bu istiqamətdə haqlı olaraq Avropa Parlamenti ilə münasibətləri bərpa edib və əməkdaşlıq davam etdiriləcək: "İlk növbədə, səhvlər etiraf olundu. Azərbaycanın önəmi vurğulandı. Bizim münasibətlərimiz strateji tərəfdaşlıqdan ibarətdir. Biz qonşularımız olan dövlətlərlə, dünyanın nüfuzlu ölkələri və birlikləri ilə bir neçə istiqamətdə strateji tərəfdaşıq. Bundan əlavə Avropa Birliyi Azərbaycanın enerji sahəsində strateji tərəfdaşıdır və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır".
Deputat vurğulayıb ki, son illər Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılır və bunu arxasında xüsusi təşkilatlanmış erməni lobbisi durur.
"Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərlə bağlı həm Avropa Parlamentində, həm də Avronest Parlament Assambleyasında öz mövqeyimizi göstərməliyik. Meydanı erməni lobbisinə və qruplarına verməməliyik. Bu istiqamətdə Azərbaycan parlament diplomatiyasının imkanlarından istifadə etməlidir. Bu baxımdan Avropa Parlamenti il münasibətlərin yenidən qurulması önəmlidir".
Nümayəndə heyətinin nə zaman səfər edəcəyi məsələsinə gəlincə, Milli Məclisin üzvü bildirib ki, vaxt hələ dəqiqləşdirilməyib və bu istiqamətdə hazırda işlər aparılır.