Müdafiə Nazirliyi 2016-2017-ci tədris ili üçün Heydər Əliyev adına  Ali Hərbi Məktəbinə kursant qəbulu qaydalarını açıqlayıb.  
 
Nazirlikdən unikal.org-a verilən məlumata görə, cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2016-cı ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 120 AZN məbləğində müavinət alırlar. Təhsili və fərdi intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə qanuna müvafiq qaydada əlavələr edilir.   Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. Məktəbdə təhsil Azərbaycan dilində, əyani şəkildə aparılır. Təhsilin müddəti 4 ildir.   Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2016-cı il tarixdən ərizə ilə məktəbin rəisinə müraciət etməlidirlər. Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479-78-40).   Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).   Test imtahanının tarixi əlavə olaraq bildiriləcək.   Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet səhifələrində yerləşdiriləcək: www.aahm.edu.az