Azyaşlı cinayətkarlar üçün belə cəza növü ölkənin məhkəmə praktikasında çox nadir haldır.
Unikal.org TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sinif yoldaşını bıçaqlayaraq öldürən Xu Tsyan adlı yeniyetmə hadisədən bir il sonra - 2014-cü ilin dekabrında 17 il həbs cəzasına məhkum olunmuşdu. Elə həmin vaxtlar o, soyuq silahla digər bir şagirdə də ciddi xəsarətlər yetirmişdi. Bu səbəbdən prokuror və zərərçəkənin qohumları ilkin hökmün dəyişdirilməsininə dair iddia qaldırıblar.Məhkəmə Xu Tsyanın işinə yenidən baxıb və müttəhimin "cəmiyyət üçün çox təhlükəli hesab olunduğu və öz davranışlarını düzəlməyə maraq göstərmədiyi qənaətinə gələrək əvvəlki qərarı ömürlük həbs cəzası ilə əvəzləyib.
Çində qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaşlar yalnız 16 yaşından sonra cinayət məsuliyyətinə cəlb edilirlər. 14 yaşından 16 yaşa qədər olan insanlar yalnız ciddi qanun pozuntularına - qətl, zorlama və narkotik vasitələrlə bağlı cinayətlərə görə məsuliyyət daşıyırlar. Yaşı 14-dən az olan vətəndaşlar isə, ümumiyyətlə, cinayət məsuliyyətindən azad hesab olunurlar.Hazırda Çin ictimaiyyəti uşaqlar tərəfindən törədilmiş bəzi ciddi cinayətləri nəzərə alaraq, müvafiq qanunvericiliyin sərtləşdirilməsi barədə müzakirələr aparır.
Bu ilin iyulunda Cənubi Çinin Quansi-Çjuan rayonunda 13 yaşlı yeniyetmə 4, 7 və 8 yaşlı üç uşağı qətlə yetirib. Lakin məhkəmə ona yalnız 3 il həbs cəzası verib. İyun ayında isə 13 yaşlı digər cani qadını qarət etdikdən sonra onun üstünə benzin tökərək yandırıb. Bu qəddarlığa baxmayaraq, mövcud qanunvericilik hüquq-mühafizə orqanlarını onu sərbəst buraxmağa vadar edib və cinayətkar heç bir cəza almayıb.