"Bu ölkələr, bu dövlət başçıları ermənilərin müttəfiqləri olduqlarını deyirlər?! Daha doğrusu, biz onları özümüzə müttəfiq sayırdıq. Halbuki, bu ölkələr, bu liderlər yalnız öz maraqlarını düşünürlər və onlar Ermənistanın, ermənilərin mənafelərinə tüpürmək belə, istəmirlər. Onlar buraya niyə gəldilər, bizim üçün nə etdilər - heç bir erməni anlamır".
... İrəvan sakini Aram bu sualları rusiyalı jurnalistə ünvanlamışdı. Rusiyalı reportyor da sual vermək əvəzinə, sualları cavablamaq durumunda qaldığından özünü naqolay hiss edirdi.
Dişlərini qıcadan təşkilat
Dünən İrəvanda MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirildi. Rusiya, Belarus, Qırğızıstan, Tacikistan prezidentləri və Qazaxıstanın baş naziri bağlı qapılar arxasında bir neçə saat müzakirələr apardılar. Rəsmi bəyanatlara görə, görüş iştirakçıları təşkilatın fəaliyyətinin bundan sonrakı prioritetlərini müəyyənləşdirdilər və Sankt-Peterburqda keçiriləcək növbəti sammitdə KTMT-nin baş katibini seçməyə qərar verdilər.
Belarus prezidenti Aleksandr Lukaşenkonun çıxışı qayət maraqlı idi.
"Münaqişələri və həll olunmamış problemləri müzakirə etdik. Təşkilatın fəaliyyət prioritetləri ilə bağlı hazırlanmış materiallar apardığımız müzakirələrin səviyyəsinə o qədər də uyğun deyildi. Məsələn, müzakirə etdik ki, KTMT-ni kimsə tanımaq istəmir, xüsusilə də NATO bizi bir təşkilat kimi görmür və s. Bu söhbətləri səbrlə, təmkinlə dinlədim.Bilirsinizmi, düşündüm ki, onlardan bizi tanımalarını xahiş etsək, bizi heç zaman tanıyan deyillər. Elə etməliyik ki, onları təşkilatımızı tanımağa vadar edək", - A.Lukaşenko söylədi.
"Batka" daha sonra vurğuladı ki, təşkilatın fəaliyyəti ilə bağlı daha dəqiq prioritetləri müəyyənləşdirmək, qurumu daha ciddi səviyyəyə yüksəltmək üçün Belarus XİN-nin ekspertləri, habelə hərbi mütəxəssislər və onların Rusiyadan, KTMT üzvü olan başqa ölkələrdən həmkarları ilə birgə işçi qrup yaradılacaq.
"Elə etməliyik ki, bizə hörmət etsinlər. Qorxmasınlar, amma hörmət etsinlər və biz də tanınmağımız üçün kimsəni dilə tutmayaq. Ona görə də prioritetlərlə bağlı məsələləri əvvəlcə tam hazırlamağı, sonra da dar çərçivədə müzakirə etməyi təklif etdim", - Belarusun dövlət başçısı İrəvanda söyləyib.
V.Putinin köməkçisi Yuri Uşakov isə söyləyib ki, İrəvan sammitində 24 sənəd imzalanıb. Onların arasında təşkilat üzvü olan ölkələrin 2025-ci ilədək kollektiv təhlükəsizlik strategiyası da var.
Beləliklə, KTMT tarixində ilk dəfə olaraq bu təşkilata üzv ölkələrin liderləri siyasi müstəvidə ABŞ-a və NATO-ya qarşı aşkar qarşıdurma mərhələsinə keçdiklərini bəyan etdilər və bununla da onlar Avrasiya məkanındakı geosiyasi oyun qaydalarını bilərəkdən pozdular. Çünki KTMT ölkələri indiyədək Qərblə qarşıdurma barədə, tanınmaq haqqında danışmağa üstünlük verirdilər.
İndisə KTMT, yəni Rusiyanın layihəsi olan bu təşkilat qlobal siyasi-hərbi oyunçuya çevrilmək niyyətini açıqlayıb.
Rusiyanın Qərblə qarşıdurması və xüsusilə də ABŞ-ın sanksiyalarına, ultimatumlarına və təhdidlərinə cavab vermək istəyən Moskvanın qəzəbi artıb. Qərb Rusiyanı diplomatik məngənəyə salmaq, xüsusilə də Rusiyanın Suriyadakı aktivliyini azaltmaq və Suriya ərazisindən rusiyalı hərbçilərin çıxarılmasına nail olmaq üçün bütün vasitələrə əl atır.
Rusiya prezidenti Vladimir Putin İrəvandakı sammitdə çıxış etmədi, amma o danışmasa da, KTMT-yə üzv ölkələrin liderlərinə onun təsiri hədsizdi.
Məsələn, A.Lukaşenko "daha dəqiq, konkret prioritetlər formalaşdırmalıyıq" deyəndə V.Putin razılıqla başını yellədi.
KTMT indi yol ayrıcındadır. Təşkilat ya real siyasi-hərbi struktura çevrilməli, "MDB-nin NATO-su" adını təsdiqləməli - halbuki bütün bunlar irrealdır - ya da MDB-nin kiçik, paradoksal klonuna çevrilməlidir.
KTMT ölkələrinin liderlərinin bəyanatlarına görə, təşkilat terrorizm və narkotrafikə qarşı mübarizə aparır, hüquq-mühafizə orqanlarının daha sıx əməkdaşlığına can atır. İlk baxışdan ilginc situasiyadır, çünki elə həmin bu məsələlərin həlli ilə MDB məşğul olur.
MDBisə radikallaşmağa başlamış KTMT ilə müqayisədə dah çox postsovet ölkəsinin qatıldığı təşkilat, üzv olduğu strukturdur.
Ermənilər özlərini inandırdılar, amma olmadı
İrəvanda keçirilmiş hərbi paradda Rusiyanın Ermənistana verdiyi "İsgəndər" zenit-raket kompleksləri peyda olanda ermənilər ekstaza düşmüşdülər. Onlar özlərini sidq ürəkdən inandırmışdılar ki, vəssəlam, Rusiya Ermənistanı tam dəstəkləyir və əgər Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlasa, Rusiya KTMT Nizamnaməsinə uyğun olaraq (!) Dağlıq Qarabağa qoşun yeridəcək, o qoşunlar da Azərbaycana qarşı vuruşacaqlar.
Buna görə də ermənilərin KTMT sammiti ilə bağlı gözləntiləri çox böyük idi. Onlar özlərini inandırmışdılar ki, sammitdə Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul olunacaq və təşkilat da birmənalı şəkildə Ermənistanın mövqelərini dəstəkləyəcək.
Fəqət sammit ərəfəsində İrəvanda keçirilmiş "Avrasiyada təhlükəsizliyin möhkəmləndirilməsində KTMT-nin rolu" mövzusunda dəyirmi masada çıxış edəndə KTMT-nin baş katibi Nikolay Bordyujanın müavini Valeri Semerikov dedi: "Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlayarsa, KTMT Ermənistanın tərəfində vuruşan deyil. Bu məsələ təşkilat çərçivəsində dəfələrlə müzakirə olunub, rəsmi bəyanatlar verilib. Məncə, bütün bunlar yetərlidir. Daha aktiv fəaliyyətə gəldikdə isə, KTMT müqaviləsinin 4-cü bəndini oxuyun".
Həmin bəndə görəsə Ermənistan KTMT-nin birbaşa yardımına yalnız öz ərazilərinə və sərhədlərinə birbaşa müdaxilə, təhlükə olacağı təqdirdə bel bağlaya bilər.
Dağlıq Qarabağ isə Azərbaycan ərazisidir və KTMT heç bir halda, heç bir hüquqla münaqişəyə qarışa bilməz. Dağlıq Qarabağa qoşun yeritmək isə KTMT liderlərinin ağlına belə gəlmir.
Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinə, sadəcə, ATƏT-in Minsk Qrupu beynəlxalq təşkilat qismində müdaxilə edərək vasitəçiliklə, nizamlanma ilə məşğul ola bilər.
KTMT siyasi yox, hərbi təşkilatdır və buna görə də Ermənistanın istəkləri də absurddur.
Dağlıq Qarabağ münaqişəsinə Minsk Qrupundan fərqli formatda hansısa təşkilatın və ya ölkənin (oxu: Türkiyənin) müdaxiləsinin yolverilməz olduğunu təkrarlayan Ermənistan KTMT-yə gələndə dəyişir, ümidlərini açıqlayır. Bu işğalçı dövlət KTMT üzvü olmasından yararlanmaq istəyir.
Amma əbəs yerə: Rusiya prezidenti Vladimir Putinin İrəvandakı sammitdə S.Sarkisyan "münaqişə formatı və KTMT-nin vasitələri"ndən danışdığı zaman ona qəzəblə baxmasını vurğulamaq yetər.
İstanbulda keçirilmiş Beynəlxalq Enerji Konqresində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevlə səmimi danışan, zarafatlaşan və gülümsəyən V.Putin İrəvanda, KTMT sammitində çox qayğılı görünürdü. O, sanki, sammitin mümkün qədər tez başa çatmasını gözləyirdi.
Ermənistan prezidenti Serj Sarkisyan isə V.Putini İrəvandakı "Zvartnos" hava limanında, təyyarənin trapının önündə qarşılyanda belini az qala iki əydi, Rusiya prezidentinə aşağıdan yuxarı biçarə nəzərlərlə baxdı.
İrəvanla Moskva arasındakı münasibətlərin indiki durumunu bu poza dəqiq səciyyələndirirdi.
Bədbəxt Sarkisyan evində aşağılandı
Ermənistan prezidenti Serj Sarkisyan sammit başlayanda nikbin görünürdü, irişirdi və nəyəsə ümid edirdi.
Sammit başa çatanda isə o, elə bir vəziyyətdə idi ki, sanki, çırtma vursalardı, qanı çıxardı.
S.Sarkisyan düşünürdü ki, Ermənistan Rusiyanın sadiq müttəfiqi, daha doğrusu, köləsi və buyruq qulu olduğundan, KTMT ilə bahəm Avrasiya Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyində təmsil olunduğundan İrəvandakı sammitə yığışan liderlər Dağlıq Qarabağ məsələsində İrəvanı dəstəkləyəcəklər.
Amma əvvəlcə Belarus prezidenti Aleksandr Lukaşenko, sonra da Rusiya lideri Vladimir Putin diplomatik ifadələrlə, amma çox sərt şəkildə Sarkisyana başa saldılar ki, Yerevandakı siyasi isteblişmentin idiotizmini "bəyənmək", ermənilərin şovinist və aqressiv mövqelərini dəstəkləmək niyyətində deyillər.
Sarkisyana onu da başa saldılar ki, "Ermənistanla strateji tərəfdaşlıq, müttəfiqlik və qardaşlıq münasibətləri"nə rəğmən Rusiya, Belarus və Qazaxıstan üçün Azərbaycanla münasibətlər müstəsna əhəmiyyət kəsb edir.
Əslində, Ermənistan KTMT-də bu ölkələr üçün çox mənasız, arzuolunmaz bir üzvdür. Sadəcə, Cənubi Qafqazda qüvvələr balansını saxlamaq, ABŞ və Avropa Birliyinin regionda təsir imkanlarının güclənməsinə yol verməmək, xüsusilə də Türkiyə və İranın geosiyasi müdaxilələrinin qarşısını almaq üçün Rusiya ermənilərdənvasitə kimi istifadə edir.
Qazaxıstan isə, ümumiyyətlə, Ermənistana qıcıqla yanaşır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "aprel döyüşlər"indən dərhal sonra Bakını birmənalı dəstəkləməsi erməniləri çılğına döndərmişdi. Ermənistanda Nazarbayevin adına olan küçənin adı dəyişdirildi, Nazarbayevin portretləri yandırıldı.
Daha sonra isə məhz Qazaxıstanın dövlət başçısının təkidi ilə aprelin sonlarında İrəvanda Avrasiya İqtisadi Birliyinin sammiti təxirə salınmışdı.
Qazaxıstan prezidentinin soyuqdəymə səbəbindən KTMT-nin İrəvan sammitinə qatılmaması da təəccüblü deyil. Soyuqdəymə, sadəcə, diplomatik səbəbdir: Nazarbayev İrəvana getmək istəməyib.
Belədə Ermənistanın hər hansı formada Qazaxıstanın dəstəyinə bel bağlaması xam xəyala dönüb.
Ermənistan üçün daha bir "tərs şapalaq" KTMT-nin baş katibinin seçkiləri məsələsi oldu. Ötən ilin payızında KTMT liderləri qərara gəldilər ki, təşkilatın rəhbərliyi hər 3-4 ildən bəri dəyişməlidir və özü də rotasiya rus əlifbasına uyğun aparılmalıdır.
Yəni Rusiyadan sonra KTMT-də sədrlik Ermənistana keçməlidir.
Ermənilər ümid edirdilər ki, 10 ildən bəri KTMT-yə baş katib olan Nikolay Bordyuja ötən ilin payızında vəzifəsini tərk edəcək, onun yerinə erməni katib seçiləcək. Fəqət, ötən il Qazaxıstanla Qırğızıstan belə rotasiyaya qarşı çıxdılar, çünki erməni katib seçilsəydi, belə qərar Azərbaycanla Türkiyəyə aşkar meydan oxumaq, Bakı və Ankara ilə münasibətlərikorlamaq cəhdi olacaqdı.
Bunu ötən il ermənilərə dedilər, İrəvanda qəzəblə dişlərini sıxıb razılaşmaq məcburiyyətində qaldı.
S.Sarkisyanın KTMT-nin baş katibi postuna namizədlər siyahısı vardı. Həmin siyahıda Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan, habelə sabiq Baş Qərargah rəisi Yuri Xaçaturov yer alıblar.
KTMT-nin İrəvan sammitində də əsas məsələlərindən biri baş katibin seçkiləri idi. Liderlər bağlı qapılar arxasında iki saat çəkən müzakirələr apardılar.
Liderlər müzakirələrdən sonra jurnalistlərin qarşısına çıxanda S.Sarkisyan çox pərişan görünürdü. O, mızıldanaraq dedi: "KTMT-nin yeni baş katibinin seçimi məsələsini gündəlikdən çıxardıq. Bu məsələyə ilin sonunda Sanki-Peterburq sammitində baxacağıq".
Ermənistan prezidenti daha sonra da danışdı, amma onun nə dediyini jurnalistlər eşitmədilər, çünki mikrofonlar qəflətən sıradan çıxmışdı.
Və ən nəhayət, Ermənistana üçüncü zərbə KTMT-nin Dağlıq Qarabağla bağlı əlahiddə bəyanat verməkdən boyun qaçırması oldu.
KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaları dəstəklədiyini bəyan etməklə kifayətləndi.
Beləliklə, KTMT-nin İrəvan sammiti Ermənistan rəhbərliyinin bütün ümidlərini puç etdi.
Ermənilər başqa nə gözləyirdilər ki?!