"Terrorizmə yalnız bütün dünya ictimaiyyətinin, aparıcı dövlətlərin birləşəcəyi halda qalib gəlmək olar.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Sputnik agentliyinə müsahibəsində deyib.
O hesab edir ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş müharibəsinin həlli ilə bağlı yanaşması tamamilə özünü doğruldub: "Təəssüf ki, bu gün belə bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi "ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır yanaşmasını tam özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün deyil. Gec-tez bu bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib. Lakin hələlik bu istiqamətdə konsensusu görmürük, bu isə böyük narahatlıq doğurur.
Dövlət başçısı qeyd edib ki, hazırda Suriyadakı durum eskalasiyaya doğru gedir. O, ümidvar olduğunu bildirib ki, Suriya üzrə danışıqlar nəticə verəcək: "Lakin əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu iki sadə tezisdir, bildiyim qədər bu tezislər sizə də yaxındır. Bunu tam bölüşürük. Məsələni məhz bu kontekstdə həll etmək lazımdır, halbuki, gördüyümüz kimi problemin həlli aylar ötdükcə, daha da çətinləşir, - deyə o vurğulayıb.