Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində eyniadlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.

Nəticədə bir neçə kəndin ərazisindən keçən çay yalnız Rəncbər kəndi ərazisində məcrasından çıxıb və 6 fərdi təsərrüfat su altında qalib. 

Vəziyyətlə bağlı Hacıqabul Rayon İcra Hakimiyyətində qərargah yaradılıb və hadisə yerinə ağır texnika, canlı qüvvə cəlb olunub. Rəncbərin ərazisindəki yardımçı körpünün yaxınlığından əlavə köməkçi kanal qazılaraq su axınının kəndə daxil olmasının qarşısı alınıb. Zərurət nəticəsində qazılan kanala görə kəndə əsas giriş bağlanıb. Ancaq bununla belə, kəndə giriş alternativ yolla təmin olunub. Heç bir tələfat yoxdur və qeydə alınmayıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Aslan Səmədov başqa kəndlərin də ərazisinə əlavə olaraq texnika və canlı qüvvənin cəlb olunduğunu bildirib.