Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş "Müstəqilliyim, mənim yaşıdım adlı bayram tədbiri keçirilib.
Binəqədi rayon İH-dən Unikal.org-a verilən məlumata görə, tədbirdə İH-nin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, İH-nin Aparatı, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, YAP fəalları və gənclər iştirak ediblər.
Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən qədim bayraqların sərgisi ilə başlanıb. Mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, "ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövrü ərzində əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir.
Binəqədi rayon İH-nin başçısı Xaləddin İsgəndərov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu və prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü siyasət nəticəsində reallaşdığını vurğulayıb.
Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.

Tədbir bayram konserti ilə davam etdirilib.