Dünyanın enerji sahəsində aparıcı dairələri İstanbulda Enerji Konqresinə toplaşarkən, Ermənistan prezidenti Nyu-Yorkda gülünc bir "forum" təşkil etdirib. Onun adı belə olub: "Ermənistan: Sərmayə Forumu - 2016". Ancaq nə tədbir adına uyğun keçirilib, nə də kiminsə marağına səbəb olub. Ermənistana investisiya qoyuluşunu cəlbedici etməyi hədəfləyən rəsmi İrəvan biabırçı vəziyyətə düşüb. "Forum"da heç bir ciddi müzakirə aparılmayıb və hansı qərarlar alındığı barədə yazan yoxdur. Sadəcə, rəsmi erməni təbliğatı bəzi məqamları qabartmağa cəhd edib. Lakin bu da təsirsiz olub - insanlar artıq Ermənistan rəhbərliyinin dediklərinə deyil, reallığa baxırlar. Gerçəklikdə isə Ermənistan əhalisinin maddi durumu getdikcə daha da ağırlaşır. Ölkə iqtisadiyyatının kənardan asılılığı daha da artır. Hətta yeni baş nazir və bir sıra nazirlər də vəziyyətin mürəkkəbliyindən şikayətlənirlər. Bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti növbəti dəfə siyasi fiaskoya uğrayıb və ölkəni qeyri-müəyyənliyə doğru aparmaqdadır.
"Alternativ forum": səmərəsiz tədbir
Ermənistan siyasətinin ziddiyyətləri növbəti dəfə bu ölkənin suveren olmadığını əyani surətdə təsdiqlədi. 23-cü Dünya Enerji Konqresinə dəvət edilməyən rəsmi İrəvan alternativ kimi ABŞ-da "Ermənistan: Sərmayə Forumu - 2016" adlı tədbir təşkil etdi. Prezident Serj Sarkisyanın həmin "forum"a gedişi İstanbulda Dünya Enerji Konqresinin başlaması gününə təsadüf edirdi. Bir sıra erməni ekspertlər adətləri üzrə kiçik şeyi böyüdərək S.Sarkisyanın orada Amerika dövlət rəhbərləri ilə görüşəcəyini və böyük geosiyasi problemlərin müzakirə ediləcəyini yazırdılar. Ancaq həmişə olduğu kimi, bu dəfə də onlar yanıldılar.
Ermənistanla bağlı "forum"a nə böyük sərmayəçilər təşrif buyurdu, nə də kimsə bu ölkəyə yatırım edəcəyindən danışdı. Ermənistanın keçmiş baş naziri, indi Avrasiya İqtisadi Kollegiyasının sədri Tiqran Sarkisyanın da iştirak etdiyi tədbirdə faktiki olaraq 2-3 erməni bir-biri ilə söhbət edib. Maraqlıdır ki, T.Sarkisyan Ermənistana deyil, Avrasiya İqtisadi İttifaqına sərmayə qoymağa çağırıb. O, Belarus və Qazaxıstan iqtisadiyyatına sərmayəni Ermənistanın vasitəçiliyi ilə etməyi məsləhət görüb. Bu təklifi hətta erməni ekspertlər belə gülünc adlandırırlar. Axı niyə dünya sərmayəçiləri, məsələn, Astanaya müraciət etməsin və buraya İrəvan vasitəsilə pul yatırsın? (bax: məs., Ðаира ÐйрумÑн. ИнвеÑтиционный Ð¸Ð½Ñ‚ÐµÑ€ÐµÑ Ðº Ñуверенной Ðрмении / "Lragir.am", 13 oktyabr 2016)
Unikal.org newtimes.az-a istinadən bildirir ki, bu səbəbdən prezident S.Sarkisyanın Ermənistana sərmayə qoymağa çağırışı heç bir effekt verməyib. İştirakçılar aydın görüblər ki, burada söhbət Ermənistandan deyil, onun tam asılı olduğu Avrasiya İqtisadi İttifaqından gedir. Bu təşkilata Qərbin münasibəti isə aydındır. Ancaq Ermənistan dövlət başçısının Amerika səfərinin fiaskosunun əsl səbəbi başqa məqamla bağlıdır. Bunu Ermənistanın özünün mütəxəssisləri vurğulayıblar.
Məsələ burasındadır ki, Ermənistan suveren ölkə deyil. Onun Moskvadan açıqca çox asılı olması hamıya məlumdur. Suveren olmayan, iqtisadiyyatına nəzarət edə bilməyən bir ölkəyə heç bir ciddi iş adamı və ya böyük şirkət sərmayə yatırmaz. Əgər Ermənistanı Dünya Enerji Konqresinə və bu ranqda olan başqa iqtisadi tədbirlərə dəvət etmirlərsə, bu o deməkdir ki, həmin dövlətin müstəqilliyinə böyük şübhələr var. Bu aksiomu rəsmi İrəvan nə qədər gizlətməyə çalışsa da, reallıq həmişə onları pərt edir. Həmin kontekstdə erməni ekspertlərdən birinin aşağıdakı fikri müəyyən dərəcədə həqiqəti əks etdirir: "Ermənistan siyasətinin məntiqi və addımlarının müstəqil dövlət subyekti kimi onun real maraqlarına heç bir aidiyyəti yoxdur" (bax: МуÑа МикаелÑн. Ðеопределенный и противоречивый айÑберг Ðрмении / "1in.am", 12 oktyabr 2016).
Gerçəklikdə həmişə belə olub. Sadəcə, erməni ekspertlər əksər hallarda reallıq hissini itirir, öz psixologiyalarında tarixən mövcud olan natamamlıq kompleksinə qurban gedirlər. Lakin, görünür, bir sıra məqamlar dəyişir - indi onların sırasında tez-tez həqiqəti etiraf edənlər tapılır. S.Sarkisyanın səmərəsiz Amerika səfərinə də bu cür münasibət göstərənlər tapılıb.
Fəlakətə doğru daha bir addım: Nyu-York "forumu"nun əsas nəticəsi
Bütün bunlarla yanaşı, indi Ermənistan düşdüyü vəziyyəti gizlədə bilmir. Bu ölkənin yeni baş naziri və vəzifəli şəxsləri iqtisadiyyatdakı mürəkkəb vəziyyətdən bəhs edirlər. Analitiklər isə faciəvi adlandırırlar. Xarici borclar artır. Büdcə kasadlaşıb. İqtisadi artım gözlənildiyindən çox aşağıdır və demək olar ki, yox dərəcəsindədir. Vətəndaşların vergi ödəmə qabiliyyəti xeyli aşağı düşüb. Gələn il üçün büdcə xərcləri 100 milyard dram azaldılıb. Əhali üzərinə isə vergi qoyuluşu 2 faiz artıb. Bunlar hələlik bu günə olan rəqəmlərdir. Günü-gündən vəziyyət daha da pisləşir.
Belə şəraitdə Ermənistanın hansı inkişafından danışa bilərlər? İnsanları nə vaxta qədər aldatmaq olar? Əhali görür ki, rəsmi statistikanın hesabatlarına rəğmən, həyat səviyyəsinin inkişafında heç bir irəliləyiş yoxdur. Əksinə, vəziyyət daha da ağırlaşır. Bunun fonunda isə iqtidar Avrasiya İqtisadi İttifaqından bol-bol danışır. Deməli, ortada vədlə əməl arasında ciddi ziddiyyət vardır. Məhz bu məqamı sadə ermənilər getdikcə daha dərindən anlayırlar.
Bütün bunların səbəbi isə rəsmi İrəvanın yarıtmaz siyasətidir. Ölkə başqasından asılıdırsa, özü müstəqil qərar qəbul edə bilmirsə, orada real inkişaf mümkün deyildir. Çünki bütün prinsipial qərarlar himayədarın marağına uyğun qəbul edilir. Əks halda, asılılıq pozulur ki, ona da Ermənistanın ağası imkan verməz. Hazırda bütövlükdə erməni cəmiyyəti bu paradoksal vəziyyətin altında inildəməkdədir.
Bu cür şərtlər daxilində Ermənistan prezidenti Serj Sərkisyanın Nyu-Yorkda təşkil etdirdiyi "forum"un heç bir səmərəsi yoxdur və olacağı da gözlənilmir. Amerikalı iş adamları heç bir perspektivi görünməyən, başqasından asılı, kiçik bir ölkəyə yatırım qoymaq riskinə getməzlər - onlar çox praqmatikdirlər və maraqlarını nəinki ermənilərə, heç babalarına da satmazlar.
Ermənistan liderinin Nyu-Yorkda amerikan biznesmenlərə ölkəsinin sərmayə cəhətdən cəlbedici olduğunu nümayiş etdirməyə çalışması yuxarıda vurğulanan səbəblər ucbatından boş cəhd olub. Reallıqda həmin "arqumentlər" S.Sarkisyanın özünün əleyhinə işləyir, çünki onların yalan olduğunu hər kəs bilir. Bununla sərmayə cəlbediciliyi məsələsi rəsmi İrəvanın ikiüzlülüyü, qərarsızlığı, qeyri-sabit mövqeyə malik siyasi xəttin ifşası proseduruna çevrilmiş olur.
Ekspertlər S.Sarkisyanın Ermənistanı "böyük bazarlara" çıxışı olan ölkə kimi təqdim etməsini böyük saxtakarlıq adlandırırlar. Belə ki, erməni liderin nəzərdə tutduğu məkan Avrasiya İqtisadi İttifaqı məkanıdır. Burada isə Rusiya aparıcı mövqedədir. Qərbin rəsmi dairələrinin Moskvaya münasibəti bəllidir. Hazırda bu ölkəyə qarşı sanksiyalar vardır və onlar getdikcə artır. Hətta bir neçə Rusiya rəsmisinə Qərb dövlətlərinə giriş qadağan edilib. Onda belə çıxır ki, S.Sarkisyan faktiki olaraq Rusiyaya vəkillik edir. Təbii ki, bu, həm Ağ Evin, həm də amerikan iş adamlarının xoşuna gəlməz.
Bu kontekstdə S.Sarkisyanın Ermənistanı investisiya baxımından "əlverişli yolayrıcı" adlandırması ikrah hissi doğurur. Burada "yolayrıcı" ifadəsinin yalnız rəsmi İrəvanın apardığı xarici siyasətə aidiyyəti vardır. İllərdir ki, Ermənistan rəhbərliyi geosiyasi xətti seçməkdə tərəddüd edir. İndi reallıqda Rusiyanın yanındadırsa, sözdə Qərbə də yaxınlaşmaqdan bəhs edir. Onun bu qeyri-müəyyən davranışlarını hər kəs görür və lazımi nəticə çıxarır. Ermənistan investisiya aspektində risk məkanıdır. Ölkə indiyə qədər heç bir yolayrıcı rolunu oynaya bilməyib və bu mümkün də deyil. Bu günə qədər Ermənistan hansı böyük şirkətlər üçün yolayrıcı olub? Hələlik heç bir ciddi iş adamı bu ölkəyə böyük yatırım etməyib. Bu işin perspektivsizliyi də rəsmi İrəvanın hazırkı siyasətindən aydın görünür.
Belə çıxır ki, S.Sarkisyan Amerikadan sərmayəyə yox, ən yaxşı halda ianəyə, yəni dilənməyə ümid edə bilər. Şübhə yoxdur ki, bu, belə də olacaq. Dünyanın bu qarışıq zamanında ağlı başında olan kimsə Ermənistan kimi vassalla iqtisadi əməkdaşlıq etməz. Üstəlik, o, qonşu dövlətin torpaqlarını işğal edib və havadarlarının yardımı ilə bu siyasətini davam etdirməkdədir. Hər vaxt atəş altına düşə biləcək bir ölkəyə kapital qoymaq istəyən ciddi adam sayıla bilməz. Deməli, S.Sarkisyan həmişə olduğu kimi, bu dəfə də boş danışıb. Əslində, bu, onun adətidir, imtina edə bilmir.
Beləliklə, Ermənistan rəhbərliyi bir daha nümayiş etdirdi ki, ciddi və əsaslı mövqeyə malik deyil. ABŞ-da təşkil etdikləri tədbir isə əsl karikatura olub. Nə müzakirənin məzmunu, nə də alınan qərarlar kimsənin marağına səbəb olmayıb. Ermənistana sərmayə qoymaq fikrinə düşən iş adamı da görünməyib. S.Sarkisyan sadə ermənilərin vergiləri hesabına formalaşan büdcəyə növbəti zərbəsini vurub.