Rusiyada Orenburq vilayət məhkəməsi Türkiyə vətəndaşını qətlə yetirən Azərbaycan vətəndaşının apellyasiya şikayətini təmin etməyib.
Unikal.org APA-ya istinadən bildirir ki, məhkəmə cəzanı cəmi 2 ay azaldıb.
Türkiyəli biznesmen Altan Güngörü qətlə yetirən azərbaycanlı Muradxan Cəlilova bu ilin iyununda hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 10 ay azadlıqdan məhrum edilib. Bundan başqa, ona iş adamının ailəsinə dəyən mənəvi ziyan qarşılığında təxminən 16 min dollar, maddi ziyan qarşılığında isə təxminən 3 min dollar cəza kəsilib. Daha sonra məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, 2015-ci ilin avqustun 23-də Altan Güngör Türkiyədən Moskvaya, oradan da Orenburqa uçub və hava limanından çıxdıqdan sonra itkin düşüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərində zorakılıq əlamətləri olan cəsədi meşədə basdırılmış şəkildə tapılıb.