Bu gün həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Unikal.org Lent.az-a istinadən məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib. Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur və buna görə də jurnalistlər zala buraxılmasın.
Hakim bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq addım ata bilərlər, hazırkı prosesə isə aidiyyatı yoxdur: "Bu, açıq prosesdir, istənilən şəxs iştirak edə bilər".
Prosesdə şahid qismində Sahib Cahangirli ifadə verib. O, ifadəsində 2013-cü ilin fevral ayında "Real MTK"-da sədr olduğunu deyib: "2014-cü ildə sakinlərin köçürülməsi ilə məşğul oldum. Bir il sonra mənimlə tikintini həyata keçirəcək şirkət arasında müqavilə bağlandı. Binalar tikiləndən sonra mənə 10,5 milyon manatlıq ev verəcəkdilər, amma vermədilər. Binəqədi rayon məhkəməsinə müraciət etdik, orada məhkəmə qərar verdi ki, 4,5 milyon manat ziyan dəyib. İstintaqda ifadəmi təzyiq altında vermişəm. Kağızda yazılanları oxumamışdım".
Şahid bildirib ki, Gülağa Qəmbərov tikinti üçün pul verəndə orada olub və pulların sayılmasında iştirak edib.
Məhkəmə davam edir.
Qeyd edək ki, İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb.
Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.
İttihama qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan ( GülağaTənha) 19, 5 milyon dollar pul alıb. O pulu İlham Qasımova iş qurmaq adı ilə verib.