Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə İranın Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi" üzrə texniki təminat sənədi imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemə çevirəcək. 

Unikal.org-un məlumatına görə, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyan deyib.

"Bu sənədin imzalanması ilə iki ölkə arasında ticarət mübadiləsi asanlaşacaq, gömrük sistemində işlər sürətlənəcək", - deyə M. Kərbasiyan bildirib.

İki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsinə toxunan qurum rəhbəri qeyd edib ki, bu, İrana Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı verir. "İki ölkə arasında daşımaların, o cümlədən tranzit daşımalarının həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşdirilməsi olduqca vacibdir", - deyə o bildirib.

O əlavə edib ki, iki ölkə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: "İki ölkənin prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq".