Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub, məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: "Bir daha xatırladaq ki, Ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir.