Deyilənə görə, insanın içində yatan "canavar bircə dəfə də olsa oyanırsa, onu cilovlamaq müşkülə çevrilir. Bu "canavarı ən asan oyandıran şeylərdən biri isə gücdür. Tarix güc zəhərlənməsi yaşayaraq insanlara qan qusduran diktatorlara çox şahidlik edib. Onların hekayəsində ortaq nöqtələr də az deyil. Maraqlıdır ki, onların bir çoxu özünü ilahi lütf olaraq görür və keçmiş diktatorların torpağa qərq olmasına baxmayaraq, özlərinin məğlubedilməzliyi qənaətinə gəlirlər. O diktatorların çoxu qəddarlıqlarının əvəzini almamış dünyasını dəyişsə də, bəziləri günahlarının cəzasını olduqca ağır ödəyiblər.
Unikal.org publika.az-ın "Ditdili layihəsi çərçivəsində heç zaman məğlub edilməyəcəyini düşünürmüş kimi yaşayan, amma ağır sonluqla bu dünyadan köçən diktatorlarla bağlı yazını təqdim edir:
1. Adolf Hitler - Sovet ordusu Berlinə girəndə intihar etdi
Almaniya Millətçi Sosialist Fəhlə Partiyasının (NSDAP) qurucusu və başçısıdır. Bu ölkənin rəhbəri olan kimi əvvəl daxili təmizliyə girişərək müxalifəti amansızlıqla aradan götürür, yerdə qalanları da həbsxanalara saldırır. Bir az keçməmiş 6 milyon yəhudinin qətlə yetirildiyi Holokostun, həm də milyonlarla insanın həyatını itirdiyi İkinci Dünya Müharibəsinin fitilini odlayır. O, tarixin ən qanlı diktatorlarından biri idi. Sovet ordusu Berlinə girən kimi məğlub olduğunu anladı və yeni evləndiyi Yeva Braun ilə birlikdə intihar etdi. Braun özünü zəhərləyərək saniyələr içində öldü. Hitler isə əvvəl zəhər içdi, ardından silahı başından vuraraq həyatına qıydı.
2. Benito Mussolini - güllələndi və cəsədi "Loreto meydanında nümayiş olundu
Avropanın ilk faşist lideri olan Benito Mussolini İtaliyaya başçılıq etdiyi 1922-ci ildən etibarən insanlara qan uddururdu. Faşist partiyası xaricindəki siyasi təşkilatları bağlamaq, qəzetlərə senzura tətbiq etmək, həmkarlar ittifaqlarını qeyri-qanuni elan etmək kimi siyasəti ilə xalqı bezdirdi. Adolf Hitler ilə müttəfiq olan faşist diktator, təcavüzkar daxili və xarici siyasəti səbəbiylə 400 min insanın ölümünə səbəb oldu. O, Roma İmperiyasını bərpa edəcəyini iddia edirdi. Cəbhələrdəki və daxili siyasətdəki məğlubiyyətlərindən sonra başlayan çöküşünün ardından 25 Aprel 1945-ci ildə kommunist partizanlar tərəfindən tutuldu. 28 Apreldə məşuqəsi Klara Petacci ilə birlikdə güllələnərək öldürüldü. Ertəsi gün Mussolininin, sevgilisinin və bir neçə silahdaşının cəsədi Milandakı "Loreto meydanında yerləşən Esso benzin stansiyasının damından başıaşağı asıldı.
3. Nikolay Çauşesku - Həyat yoldaşıyla birlikdə güllələndi
1965-ci ildən Rumıniya Kommunist Partiyası MK-nın Baş katibi, 1974-1989-cu illərdə Rumıniya Sosialist Respublikasının Prezidenti Nikolay Çauşesku ölkədə düşüncə və ifadə azadlığına qarşı çıxırdı. Özü var-dövlət içində yaşasa da, sadə vətəndaşlar yeməyə çörək tapmaqda belə çətinlik çəkirdi. Sovet imperiyasının zəifləməsi onun müttəfiqlərinin də vəziyyətini çətinə saldı. Moskvaya arxalanıb amansızlıqla ölkəni idarə edən Çauşesku çətin durumda idi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu narazılıq daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də üsyançı bölgələrdən biri olan Timişoarada nümayişçilərin güllələnməsinə qərar verdi. Sabahısı gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu. Çauşesku dövrü rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı, lakin Tırqovişte şəhərində həbs edildi. Dekabrın 25-də rumın hərbçilər prezident və xanımına qarşı məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə canlı yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolay və Yelena Çauşeskular soyqırımı ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya yayımı başa çatan kimi həyata keçirildi. Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır olsa da, yalnız 4 nəfər - bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn olundu.
4. Səddam Hüseyn - asılaraq edam edildi
İraqın 5-ci prezidenti Səddam Hüseyn hakimiyyətə gəldiyi ilk ildən etibarən kürdlərə və şiə təriqətindən olanlara qarşı amansızlıq göstərərək, soyqırımı təşkil edirdi .1980-ci ildə onun rəhbərliyi ilə İraqın İrana qarşı başladığı müharibə, 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq olunan BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə düşürtdü. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi ilə çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində devrildi. Təxminən səkkiz ay sonra saxlandığı sığınacaqda tutulan Səddam daha sonra mühakimə olundu. 5 noyabr 2006-cı ildə təxminən 2 milyon insanın ölümünə səbəb olduğu üçün edam cəzasına məhkum edildi. 30 dekabr 2006-cı ildə asıldı.
5. Müəmmər Qəddafi - İşgəncə ilə öldürüldü
1969-cu ildə çevriliş edərək Liviyanın başına keçdi. 2011-ci ildə başlayan vətəndaş müharibəsinə qədər də ölkəni idarə etdi. Neftlə zəngin ölkə Qəddafinin qadağaları ilə ciddi çətinliklə üz-üzə qalmışdı. Daxili müharibənin kəskinləşməsi və ABŞ, Avropa koalisiyasının savaşa qoşulması Qəddafinin məğlubiyyətinə səbəb oldu. Hakimiyyətini itirən diktator səhrada gizlənmək istəsə də yaxalandı və amasızlıqla öldürüldü.
Özünün Qəddafi ilə eyni avtomobildə olduğunu söyləyən İdha adlı cangüdəni həmin anları "tam bir xaos adlandırıb. NATO qırıcılarının ard-arda zərbələr endirdiyini, Qəddafini də özüylə götürüb yolun altındakı kanaldan keçərək yaxınlıqdakı binaya doğru qaçdıqlarını bildirib. Bu zaman mərmi qəlpələrindən yaralandığını söyləyən İdha Qəddafini son dəfə keçmiş müdafiə naziri Yunus Cəbr və oğlu Mötəsimlə danışarkən gördüyünü deyib. Cangüdəni ölümün artıq yüz faiz olduğu anda belə, Qəddafinin zarafatlar etdiyini də bildirib.
6. Hideki Tojo - Uğursuz intihar cəhdinin ardından asılaraq edam edildi
Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun militarist generalı idi. Baş nazirliyi dövründə Yaponiyada təxminən 8 milyon insanın ölümünün səbəbkarı olub. 1945-ci ildə Yaponiyanın ABŞ-a qeyri-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon cinayətkarının tutulması haqqında əmr verir. Tojonun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordusunun polisləri evi mühasirəyə aldılar. Tojo tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi. İkinci Dünya Müharibəsindən sonra qurulan Uzaq Şərq beynəlxalq hərbi tribunalının 12 noyabr 1945-ci il tarixli hökmü ilə 23 dekabr 1948-ci ildə xüsusi əhəmiyyətli cinayətkar kimi asılaraq edam olundu. Bu cinayətlərlə günahlandırılıb: Çinə, Fransaya, ABŞ-a, Böyük Britaniyaya, Hollandiyaya hücum etmək, müharibə cinayətkarlarının hərəkətlərinə göz yummaq. Ölüm cəzası qərarı 12 dekabrda çıxarılır və 23 dekabrda yerinə yetirilir. O, ölümündən əvvəl hərəkətlərinə görə üzr diləyərək, ABŞ əsgərlərindən iki atom bombası görən yapon xalqına mərhəmət edilməsini istəmişdi.
7. Pol Pot - Ev həbsində öldü
Kamboca siyasi və dövlət xadimi, Kampuçiya Kommunist partiyasının baş katibi, Demokratik Kompuçiyanın Baş naziri, "qırmızı kxmerlərin lideri və diktator idi. Pol Potun hakimiyyəti dövrü kütləvi repressiyalar və aclıqla müşahidə olunub. Şəhərlərdə yaşayan milyonlarla insanı zorla kəndlərə yerləşdirərək fermalarda və düyü tarlalarında çalışdırırdı. Təxminən 1.5 milyon insanı çəkic, balta və kürəklə öldürmə əmri vermişdi. İqtidarda olduğu müddətdə 7 milyonluq Kamboca əhalisinin 3 milyon 300 minini qətl etdirdi. 7 yanvar 1979-cu il Vyetnam ordusu Pnompeni tam tutdu və 3 il 8 ay 20 gün hakimiyyətdə olan "qırmızı kxmerlər devrildi. Hakimiyyətə Vyetnamın köməyi ilə kommunist yönlü Xenq Samrin gəldi və Kampuçiya Xalq Respublikasının yaradılması elan edildi. O, 1979-cu ildə Kambocanın meşəlik bölgələrinə qaçdı və burada partizan hərəkatına davam etdi. 1997-ci ildə təkrar paytaxtı ələ keçirməyə çalışdı, ancaq bu cəhd müvəffəqiyyətsiz oldu. Ömür boyu ev dustaqlığına məhkum edildi. 1998-ci ilin 15 aprelində Pol Potun ürək çatışmazlığı nəticəsində vəfat etdiyi elan olundu. Tibbi müayinə keçirildikdən sonra onun zəhərlənib öldürüldüyü bildirildi. Digər şayiələrdə isə onun cəngəlik xəstəliyindən öldüyü və ya özünə qəsd etdiyindən danışılırdı. Hökumətin tələblərinə baxmayaraq Pol Potun cəsədi onlara təqdim olunmadı və onun ölümünün uydurma olması şübhələri qaldı. Ölümündən bir neçə gün sonra onun cəsədi Anlonq Venq bölgəsində yandırıldı.
8. Mobutu Sese Seko - sürgündə öldü
32 il Demokratik Konqo Respublikasına başçılıq edib. İdarə etdiyi müddətdə səhv siyasətlə zəngin yeraltı ehtiyatları olan ölkəni yoxsullaşdırdı. Həmçinin, dəmir yumruqla idarə etdiyi ölkədə əks fikirli insanları məhv etdirirdi. Özünü davamlı ilahi bir güc olaraq göstərirdi. 1994-cü ildə Ruanda soyqırımı zamanı Hutuları dəstəklədiyi üçün Tutsiləri deportasiya etdirdi. Uqanda və Ruanda hökumətlərinin dəstəyini alan Tutsilər və digər müxalif qruplar paytaxt Kinşasaya hücum edərək, 16 May 1997-ci ildə oranı ələ keçirdilər. Müxalif qruplar 32 illik Mobutu iqtidarını devirdilər. Mobutu sürgün edilərək, əvvəl müvəqqəti olaraq Toqoya, sonra Fasa göndərildi. 7 Sentyabr 1997-ci ildə sürgündə prostat xərçəngindən dünyasını dəyişdi və Mərakeşdə dəfn edildi.
9. Alfredo Stroessner - Ölkəsindən qaçdı, sürgündə öldü
1954 və 1989 illərdə Paraqvayı idarə edən hərbi diktator idi. Latın Amerikasında 20-ci əsrin ən uzun müddətli diktatorluğunu qurub. 4 May 1954-cü ildə prezident Federiko Çavezini devirərək hakimiyyətə gəldi. Parlamenti və məhkəmələri yandaşlarıyla doldurdu. Stroessner 1989-cu ildə hərbi yolla rəhbərlikdən uzaqlaşdırıldı. Çevrilişdən sonra on yeddi il yarım sürgündə yaşayacağı Braziliyaya qaçdı. Ölümündən əvvəl ölkəsinə dönmək istədi, amma hökumət icazə vermədi. 16 Avqust 2006-cı ildə qürbətdə öldü.
10. İdi Amin - ölkəsinə dönə bilmək üçün yalvardı
1971-1979-cu illərdə Uqandanın hərbi diktatoru idi. İdi Aminin rəhbərliyi dövründə siyasi təzyiq, etnik ayrı-seçkiliyin yanında insan haqları pozuntuları sıx şəkildə müşahidə edilirdi. Beynəlxalq müşahidəçilər və insan hüquqları qrupları 100000-dən 500000 qədər insanın İdi Aminin rəhbərlikdə olduğu dövrdə öldürüldüyünü açıqlayıb. Onun hakimiyyəti dövründə yürütdüyü sərt siyasət artıq xalqın narazılığına səbəb olurdu. 1978-ci ilin oktyabrında Tanzaniya tərəfindən dəstəklənən "Uqanda Milli Azadlıq Ordusu yaradıldı. Üsyançı dəstənin əsas məqsədi Aminin istefaya getməsi idi. 13 aprel, 1979-cu ildə üsyançılar paytaxt Kampalaya yaxınlaşmışdı. Artıq dövlət başçısı ölkədən qaçmış və 2 həyat yoldaşı, 22 uşağı ilə birlikdə Səudiyyə Ərəbistanına yerləşmişdi. İdi Amin 16 avqust, 2003-cü il tarixində sürgündə olarkən Ciddə vəfat etdi.
11. Slobodan Miloşeviç - Laheydə mühakimə olunarkən öldü
Köhnə Yuqoslaviyanın və Serbiyanın dövlət başçısı idi. "Balkan Qəssabı ləqəbiylə bilinən Slobodan Miloşeviç Bosniyada reallaşdırdığı vəhşi qırğınlarda 250 min müsəlmanın ölümünə səbəb oldu. Məğlubedilməz olduğunu düşünən Miloşeviç, "Məni məhv edə bilməzlər! deyirdi. 2000-ci ildə keçirilən seçkilər və sonra baş verən üsyanla iqtidarı itirən Miloşeviç, əvvəl Belqrad həbsxanasına göndərildi. Sonradan Hollandiyanın Lahey şəhərində qurulan müharibə cinayətləri məhkəməsində mühakimə olundu. 11 Mart 2006-cı ildə Haaqa Beynəlxalq Hərbi Tribunalında mühakimə olunduğu müddətdə həbsxanada öldü.