Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.
Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verdi.
Venesuelanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdirdilər.
Daha sonra İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə məhdud tərkibdə görüşü olub.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.
Prezident İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğuladı.
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını dedi. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirdi.
Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela Prezidentinə məlumat verdi. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğuladı.
Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.
İmzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.