Bu gün mərhum akrtisa, əməkdar artist Gülnar Salmanovanın vəfatının il dönümüdür.
Unikal.org bilidirir ki, Gülnar Əlifağa qızı Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.
Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Gülnar Salmanova 24 oktyabr 2015-ci ildə 59 yaşında Bakıda vəfat edib. Məzarı Şəhər qəbiristanlığındadır.