Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesinə yolun su basması ilə əlaqədar 9 avtobus xəttinin istiqamətinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Unikal.org xəbər verir ki,  bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib:
"Məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. 

Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır".

Şəhər mərkəzindən Binqədi qəsəbəsi istiqamətində, elecə də əks istiqamətdə avtomobillərin hərəkətində böyük tıxac yaranıb. Sürücülərdən xahiş edirik ki, alternativ yollardan istifadə etsinlər.
Bununla yanaşı hazırda Tbilisi prospektində, Koroğlu Rəhimov, Əhmədbəy aga oglu, Bakıxanov, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov küçələrində və Ziya Bünyadov küçəsindən metronun Koroğlu stansiyası istiqamətində sıxlıq müşahidə edilir.