Ombudsmanın illik hesabatında təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılarkən bəzi məsələlər ortaya çıxıb.
Qeyd olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir.
Hətta hesabatda o da bildirilib ki, ABU rəhbərliyinin tələbələri aldatmasından Təhsil Nazirliyinin də xəbəri olub. 
ABU-nun fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanovla əlaqə saxladıq. 
Unikal.org xəbər verir ki, keçmiş nazir  modern.az-a açıqlamasında  yazılanlardan xəbəri olduğunu dedi. Bununla belə, o, mətbuatda yazılanlarla bağlı açıqlama verməyəcəyini də bildirdi.
"Belə mövzularla bağlı mənə müraciət etməyin. Mən bu cür məsələlərə cavab vermək istəmirəm. Ümumiyyətlə, bu iddialar haqqında danışmaq istəmirəm".
Xatırladaq ki, ABU 2010-cu ildə bağlanıb.