Bu gün "Facebook"da Beynəlxalq Kosmik Stansiyadan paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla "like" alıb və paylaşılıb.

Amma çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb. Gün ərzində LiveUSA, INTERESTINATE və UNILAD kimi məşhur "Facebook" səhifələrində milyonlarla "like" və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb.

Daha sonra NASA-nın rəsmi saytında və "Facebook" səhifəsində bu gün üçün heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib. ABŞ-ın böyük xəbər portalı "Mashable" NASA ilə əlaqəyə keçib və onlara bu gün BKS-dən heç bir canlı yayımın baş tutmadığı bildirilib.

Sonraki saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.