Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən biri, istedadlı bəstəkar, Asəf Zeynallının ölümün 84 il ötür.
Unikal.org bildirir ki, görkəmli bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprel ayının 5-də də Dərbənd şəhərində doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil almış, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, dahi Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev kimi dahi bəstəkarlar bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
Gözəl insanı keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqi ilə yaddaşlarda ömürlük həkk olunan Asəf Zeynallı 1932-ci 27 oktyabr da, yaradıcılığının inkişaf etdiyi bir dövrdə, 23 yaşında ağır xəstəlikdən vəfat etmişdir.
Azərbaycan milli konservatoriyası nəzdində musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.