Bu, 1930-cu illərdən başlanan bir ənənədir və məqsədi Finlandiyadakı bütün uşaqların əsil-nəcabətindən asılı olmayaraq həyata eyni cür başlamasına nail olmaqdır.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, analıq paketi hökumətin hədiyyəsi kimi ölkənin bütün uşaq gözləyən qadınlarına verilir.
Bura uşaqlar üçün alt və üst geyimləri, yataq torbası, çağalar üçün hamam ləvazimatı, əskilər, bələklər və kiçik döşəkcə daxildir.
Dibinə döşəkcə yerləşdirilmiş karton qutunun özü isə çarpayı rolunu oynayır. Beləliklə, ölkənin bütün sosial təbəqələrindən olan uşaqlar eyni formalı karton qutuların dörd divarı arasında mışıl-mışıl yatırlar.
Analara seçim də verilir. Onlar qutuları, ya da nəqd pulu - 140 avronu götürürlər. Amma anaların 95 faizi qutulara üstünlük verir, çünki onun dəyəri daha çoxdur.
1947-ci ilə aid analıq qutusu
Bu ənənə 1938-ci ildə başlanıb. Bu tədbirə başlayanda qutuları yalnız imkansız ailələrə verirdilər, lakin 1949-cu ildə bu qayda dəyişdirildi.
"Hökumət bu hədiyyəni bütün gələcək analara verməklə kifayətlənmir. Analıq qutusunu almaq üçün gələcək ana hamiləliyin dördüncü ayından əvvəl həkimə və ya bələdiyyə doğuşaqədər klinikasına baş vurmalıdır" - deyir Finlandiyanın Kela - Sosial Təminat İdarəsində işləyən Heidi Liesivesi.
Beləliklə qutular heç də təkcə yenicə doğulanlara ilkin tələbat ləvazimatını vermir, həm də anaları Finlandiyanın yenicə formalaşan sosial təminat sisteminin həkim və tibb bacıları ilə görüşdürürdü.
1930-cu illərdə Finlandiya yoxsul bir ölkə idi və burada uşaq ölümü reyti hər 1000 uşaqdan 65-ə bərabər idi. Lakin bundan sonrakı onilliklərdə vəziyyət sürətlə yaxşılaşdı.
Helsinkidəki Sağlamlıq və Rifah İnstitutunun professoru Mika Gissler buna bir neçə səbəb göstərir. O deyir ki, 1940-cı illərdə verilən analıq qutularının ardınca, 1960-cı illərdə səhiyyə sığortası sistemi və mərkəzi xəstəxana şəbəkəsi yaradılıb.
Qutunun içindəkilər
Döşəklər, döşəkağılar, yorğan və balış üzü, adyal, yataq çuvalı.
Qutunun özü hasarlı çarpayıya çevrilir.
Qış kostyumu, papaq, əlcək, çəkmə.
Yüngül kostyum dəsti və toxunma cemper.
Corablar, toxunma papaq və qulaqlı papaq.
Hər iki cinsdən olan uşaqlar üçün münasib rəngli və naxışlı canlıqlar, uşaq kombinezonu və dizliklər.
Başlıqlı hamam dəsmalı, dırnaq qayçısı, daraq, diş fırçası, vanna termometri, bələk kremi, əl-ayaq dəsmalı.
Əski dəstləri və parça salfetlər.
Şəkilli kitab və dişlik oyuncaq.
Lifçik altlığı və prezervativlər.
75 yaşlı qutu ənənəsi indi artıq Finlandiyada qadının analığa keçidinin bir növ simvoludur. Bu rəmz indi artıq neçə qadın nəslini birləşdirir.
49 yaşlı Helsinki sakini Reija Klemetti 6 uşağından biri üçün qutunu alsın deyə poçt idarəsinə necə getdiyini xatırlayır.
"Bu çox sevincli və həyəcanlandırıcı bir hadisə idi, - deyir qadın. - Anam, dostlarım, qohumlarım qutunun içində nələrin olduğunu, həmin il paltarlar üçün hansı rənglərin seçildiyini bilmək istəyirdilər".
Onun qaynanası da 1960-cı illərdə öz dörd uşağından birincisi üçün belə qutulardan birini hədiyyə almışdı. O vaxt o, uşaq üçün nələrin lazım olduğunu bilmirdi, lakin lazım olan hər şey qutunun içindəydi.
Lap bu yaxınlarda Klemettinin 23 yaşlı qızı Solja da bir vaxtlar anasının duyduğu sevinc hissini dadıb. İndi onun iki balaca uşağı var.
"Bu paltarlara görə uçaqların hansı illərdə doğulduğunu dəqiq demək olar. Çünki qutulardakı paltarlar hər il dəyişir. Müqayisə etmək maraqlıdır. "Bax o uşaq mənimki ilə eyni ildə doğulub" - deyir 35 yaşlı iki uşaq anası Titta Vayrynen.
Bəzi ailələr hökumət hədiyyəsi olmasaydı, özləri uşaq paltarlarını ala bilməzdilər. Lakin Vayrynen üçün bu daha çox vaxt məsələsi idi.
O ilk uşağına hamilə olanda işləyirdi və hədiyyə qutu onu dükan-dükan gəzib münasib qiymətə uşaq paltarı axtarmaq əziyyətindən xilas etmişdi.
"Bu yaxınlarda açıqlanmış bir hesabatda deyilirdi ki, fin analar dünyada ən xoşbəxt analardır və mənim ağlıma gələn birinci şey həmin bu qutular oldu" - deyir ana.
O deyir ki, ikinci oğlu - İlmar doğulanda artıq qutunu yox, nəqd pulu götürüb. İlmara isə qardaşından qalma paltarları geyindirərmiş.
Rəngləri elə seçirlər ki, işlənmiş paltarlardan oğlan və qız uşaqları üçün istifadə etmək mümkün olsun.
Qutuların içindəkilər zaman-zaman dəyişərək həm də dəyişən vaxtları simvolizə edib. 1930-40-cı illərdə qutulara parça qoyurdular. Çünki o vaxtlar analar uşaqları üçün paltarları özləri tikərdilər.
Lakin 2-ci Dünya Müharibəsi illərində flanelə və kətana Müdafiə Nazirliyinin ehtiyacı vardı. Ona görə də analıq qutularına parça əvəzinə kağız qoyurdular.
1950-ci illədə isə uşaqlar üçün hazır geyimlər istehsal olunmağa başlanmışdı. 1960-70-ci illərdə uşaqlar üçün geyimləri artıq elastik parçalardan tikirdilər.
1968-ci ildə qutuya yataq torbası əlavə edimişdi, 1969-cu ildə isə ilk dəfə olaraq bir dəfə işlədilən əskiləri vermişdilər.
Amma bu çox uzun sürməmişdi. Əsrin əvvəllərində bir dəfəlik əskilərdən parça əskilərə qayıtmışdılar. Bu, ətraf mühitin təmizliyinin saxlanması üçün idi.
Daha keyfiyyətli valideynlik vərdişlərinə həvəsləndirmək analıq qutusu siyasətinin daim bir hissəsi olub.
"Çağalar valideynləri ilə eyni çarpayıda yatırdılar, lakin bu praktikaya son qoymaq istəyirdilər, - deyir Helsinki Universitetində fin və nord tarixi professoru Panu Pulma, - Çarpayışəkilli qutuların hədiyyə edilməsi o demək idi ki, uşaqlatr valideynlərindən ayrı yatmağa vərdiş etməlidirlər".
Sonralar hədiyyə paketindən uşaq süd butılkalarını və əmzikləri ixtisar etdilər ki, anaları uşaqlarını əmizdirməyə sövq etsinlər.
"Bütün sistemin məqsədlərindən biri bu idi ki, uşaqlar ana südü ilə böyüsünlər, - deyir Pulma, - Elə belə də oldu".
Onun fikrincə qutuya şəkilli kitabın əlavə edilməsi də faydalı idi, çünki uşaqar kitabı əldə saxlamağı və günlərin bir günü oxumağı öyrənirdilər.
Pulma deyir ki, bütün bunlardan başqa qutu həm də bir simvoldur. Bərabərlik ideyasının, uşaqlaırn mühümlüyünün simvolu.
Analıq bağlamasının tarixçəsi
1938: Finlandiyada Analıq Qrantı haqqında qanun qəbul edilib. Bu qanunun sayəsində uşaq doğmuş qadınların üçdə ikisi nəqd pul qrantı, analıq bağlaması və ya hər ikisini alıb
Bu bağlamadan həm də uşaq çarpayısı kimi istifadə oluna bilərdi, çünki ən yoxsul evlərdə uşaqların yatması üçün təmiz yer yox idi
1940-cı illər: Müharibə illərinin qıtlığına baxmayaraq bu layihə davam etdirildi, çünki çox sayda fin evlərini bombardman və evakuasiya vaxtı itirmişdi
1942-6: Parça bələklər və analıq döşəkağları kağızla əvəz edilib
1949: Gəlir yoxlaması ləğv olunub və hədiyyə bütün analara təqdim olunmağa başlayıb. Bir şətrlə ki, analar doğuşqabağı klinikalara baş çəkməli idilər
1957: Parçalar və toxuma materiallarını hazır geyimlər əvəz edib
1969: Bağlamalara bir dəfə istifadə olunan əskilər əlavə edilib
1970-ci illər: Daha çox qadının işləməyə başladığı bu illərdə qeyri-elastik ağ geyimlər, asan yuyulan elastik və rəngarəng geyimlərlə əvəzlənib
2006: Parça əskilərin verilməsi bərpa edilib, lakin hədiyyə paketindəki süd şüşəsi çıxarılıb. Məqsəd qadınları uşaqlarını döşlə əmizdərirməyə sövq etmək idi.