Moldovada prezident seçkiləri baş tutub.

Unikal.org-un "RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin baş tutması üçün seçicilərin ən azı 3/1-i seçkilərdə iştirak etməlidir.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq seçicilərin 1/3-dən, yəni 33,3 faizindən çoxu prezident seçkilərində iştirak edib.

Qeyd edək ki, Moldovada seçki məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq. Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşmaq və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq