Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı səhnəsində oynadığı "Şah Qacar, "Boy çiçəyi, "Müsyo İbrahim və Quran çiçəyi tamaşaları repertuardan çıxarılıb.
Unikal.org-un kulis.az-a istinadən verdiyi məlumata görə, bu tamaşaların heç biri teatrın noyabr ayı üçün elan etdiyi repertuara salınmayıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bunları deyib:
"Fuad Poladov Akademik Milli Dram Teatrının repertuarında olan "Şah Qacar, "Boy çiçəyi və "Müsyo İbrahim və Quran çiçəyi tamaşalarında dublyorsuz oynayıb. Teatr rəhbərliyi oktyabrın 28-də verdiyi açıqlamasında bir daha bildirib ki, Fuad Poladov Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı dayandırmaq haqqında rəsmi müraciət etməyib. Xalq artisti mətbuata verdiyi açıqlamada işdən getdiyini təsdiqləsə də, rəsmi şəkildə ərizə yazmayıb. İstənilən halda, əgər bu əməkdaşlıq başa çatıbsa, deməli, hər üç tamaşanın gələcək taleyi sual altında qalıb. Fakt ondan ibarətdir ki, noyabr repertuarına sözügedən tamaşaların heç biri daxil edilməyib. Səhnə əsərlərinin sonrakı həyatı haqqında qərar verməyə Akademik Milli Dram Teatrının Bədii Şurası və rəhbərliyi səlahiyyətlidir. Tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Bədii Şuranın isə hələlik belə bir qərarı yoxdur.