Xalq artisti, gülüş ustası Arif Quliyevin adı son zamanlar mətbuat səhifələrində yaman "qəhqəhə" çəkir.
Söhbət ondan gedir ki, AzNews.az-a maddi durumunun pis olması, buna görə də rəhbərlik etdiyi teatrın fəaliyyət göstərə bilməməsi barədə dediklərini müsavat.com saytında təkzib edib. Saytın yazdığına görə, o, yazılanların yalan olduğunu bildirib, hətta əməkdaşımız Bahar Rüstəmlini ağır ifadələrlə təhqir edib. "Gülüş ustası xanım jurnalisti təhqir etdi – Şok" başlıqlı yazıya cavab verməyə tələsmədik, əlimizdə olan səs yazısını da yaymadıq. Əvəzində AzNews.az-ın digər bir əməkdaşının Xalq artistiylə görüşüb müsahibə götürməyi, məsələnin nə yerdə olduğunu öyrənməyi uyğun gördük. Müsahibədən də görünür ki, Arif Quliyevin çox ciddi problemləri var: hər cümləsində söyüş söyür, etikadan kənar ifadələr işlədir. Bu əcaib ifadələrin böyük bir hissəsi isə AzNews.az-ın yazısına cavab alan müsavat.com-un xanım əməkdaşına yönəlikdi. Ancaq biz dəyərli həmkarlarımızdan fərqli olaraq, bunu "ŞOK" başlıqla əlavə xəbər kimi vermirik, sadəcə müsahibəni, imkan qədər söyüşləri ixtisar edərək yayımlayırıq:
– Arif müəllim, necəsiniz, özünüzü necə hiss edirsiniz?
- Çox əla, qəşəng, gözəl...
– Ümumi bir şablon var, kimin kefini soruşursan deyir, yaxşıyam... Sizdə də belədir?
– Yox, o şablon mənə aid deyil, mən həmişə yaxşı, əla, gözəl olmuşam. İşlədiyim müddətdə də qəşəng olmuşam, indi təqaüddəyəm, istirahət eləyirəm, indi də hər şey əladır...
– Nədir sizi bu qədər xoşbəxt eləyən?
– Öz işimə sədaqətim.
– Dolanışığınız necədir?
– Çox qəşəng, gözəl, əla. Dolanışıq elə bir şeydir ki, o, hər adamın özündən asılıdır. Bacarıqlı olacaqsan, yaxşı olacaq, tənbəl olacaqsan, işgüzar olmayacaqsan, ondan-bundan asılı vəziyyətdə olacaqsansa, əlbəttə, halın heç vaxt yaxşı ola bilməz. Gərək özün çalışasan, öz problemlərini özün həll eləməyi bacarasan. Onda işlər yaxşı olur, necə ki, məndə dolanışıq əladır.
– Hərdən fikirlər səslənir ki, maddi cəhətdən çətinliklər çəkirsiniz... Xalq artisti niyə kimlərəsə möhtac olsun ki?
– Mən? Qələt eləyir, p.x yeyir onu deyən. Ömrü boyu elə şey ola bilməz. Mən xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Maaşımı da vaxtı-vaxtında alıram. Kim deyir ki, mənim maddi vəziyyətim yaxşı deyil? Belə şeylər yalandır. Mən belə söhbət eşitməmişəm. Toylara, görüşlərə gedirəm, normal dolanıram. Normal yox, əla dolanıram. Mən harda şikayətləndim?
Bax, yalan budur, saytlarda yazılarlar ki, Arif Quliyevin teatrı bağlanıb. Bu məsələ ilə bağlı mənə zəng eləmişdilər. Birbaşa dedim, ay heyvan, yaxşı öyrən, sonra bunu yaz. Bu sözü kişi kimi mənə zəng eləyən xanımın üzünə dedim. Çünki yalan danışmaq olmaz. İyirmi il qabaq teatr bağlanıb, zəng eləyib mənə deyir ki, eşitdim teatr bağlanıb. Dedim, kim deyir? Qayıdır ki, belə deyirlər. O qıza iki dənə yağlı söz yapışdırdım, lap əntiqə oldu.
Öz aramızdı, sayt yaradırlar, qəzet yaradırlar, bir zavod haqqında, bir şəxs haqqında, adamın dolanışığı barədə yalandan bir informasiya yazırlar. Özü də qeyd eləyirlər ki, mənbənin verdiyi məlumata görə filan şey filandır. Ay alçaq qızı, alçaq, mənbə kimdir? O mənbənin adı var? Yox. Ünvanı var? Yox. Bəs niyə öz yalanını mənbənin üstünə yıxırsan? Axı bu, düzgün deyil.
Yazırlar ki, mən maddi vəziyyətimdən şikayətlənirəm. Başdan ayağa yalandır. Mən 42 il işləmişəm, maaşımı da almışam. Namusla, qeyrətlə, vicdanla öz sənətimə və xalqıma xidmət eləmişəm.
– Demişdiniz ki, öz teatrınızda bir dəfə dəmlədiyiniz çayı beş gün içirsiniz...
– Yox, yalandı, mən belə söz deməmişəm...
– Axı jurnalist xanım deyir ki, Arif Quliyevin məndə səs yazısı var, o, nə deyibsə, mən də onu yazmışam.
– Yox, yox, Quranın adına and olsun ki, yalan deyir. Mən elə bir adamam ki, öz zəhmətimlə, əziyyətimlə ortaya çıxmışam. Sən Arifin əziyyətini, zəhmətini yaz, de ki, zəhmətlə, əziyyətlə bu yerə gəlib çıxmaq olar. Müftəxor olub, yalan informasiya yazmaqla deyil. Yalandan yazırlar ki, saytı oxusunlar.
– Saytları özünüz izləyirsiniz?
– Yox, yox, artıq şey mənim nəyimə lazımdır? Mən öz işimlə məşğulam.
– "Yeni Müsavat" qəzetinə açıqlamanızda xanım jurnalisti ağır sözlərlə təhqir etdiyinizi yazmışdılar. Axı siz xalq artistisiniz, bu söyüşləri özünüzə necə yaraşdırırsınız?
– Yox, yox, mən heç kimi söyməmişəm. "Yeni Müsavat" yalan yazıb, Allah onların bəlasını verəcək. Kimlər ki yalan yazır, Allah onların hamısına nə edəcəyini özü bilir.
– "Yeni Müsavat"ın müxbiri nəyi yalan yazmışdı? Siz söyüş söyməmisiniz?
– Yox, yalandı, heç kim mənə zəng eləməyib, mən də heç kimlə danışmamışam, heç kimi söyməmişəm. Mən yalanı qəbul etmərəm, intiriqanı qəbul etmərəm.
– Arif müəllim, ürəyiniz istəmirsə, bu şeylər barədə danışmayaq, söhbəti özünüz açdınız, bəs niyə əsəbiləşirsiniz?
– Qulaq as, dünən toyda idim, toyun yiyəsi gəldi ki, ona söz ver, buna söz ver... Toy yiyəsinə dedim ki, o.tur, get yerində otur. Mən tamadayam, özüm bilirəm kimə söz verəcəm, kimə verməyəcəm...
– Niyə narahatsınız ki? Nə problem oldu ki?
– Yox, yox, mən təmizə təmizəm. Yadına saxla, mən belə adamam, təmizə heç vaxt ləkə gətirmərəm. 30-40 ildir bir dənə ailəm var. Bir dənə evim var, köhnə binada yaşayıram, mənə artıq heç nə lazım deyil.
– Bu evinizdə çoxdan qalırsınız?
– Hə, 38 ildir eyni evdə yaşayıram.
– Arif müəllim, bəzən deyirlər ki, sizin yumorunuz qurtarıb, daha heç kimi güldürmür...
– Kim deyirsə yaxşı eləyir, özü bilər. Mən daha işləmirəm, istirahətdəyəm. Öz aramızdı, bu sözü deyən qələt eləyir, p.x yeyir. Axı sən yumorlara baxmırsan.
– Fikir bu cürdür ki, gənc aktyorlar daha çox güldürür. Rafael, Coşqun, Elməddin, Fərda...
– Onlar əladı, mən həmişə Rafaeli də, Coşqunu da, o birilərini də tərifləyirəm.
– Deyirlər, gənclər sizin yumorunuzu sıxışdırıb aradan çıxardı...
- Qulaq as, mən sənin üçün uşaq-muşaq deyiləm... (Əsəbiləşib özündən çıxır, təhqiramiz sözlər işlədir. K.B)
– Bəs birdən-birə müsahibənin ortasında nə oldu ki, belə əsəbləşdiniz, etiraz elədiniz?
– Gənc aktyorlardan soruşdun. Deyirəm ki, hamısı əladırlar. Mən görüşlər keçirirəm. Düzdü, teatr yoxdur, nə olsun ki? Bayramlara çağırırlar, yubileylərə, təşkilatlara, toylara çağırırlar. Yola verirəm gedir. Darıxmamaq üçün işləyirəm, dolanışığım düzəlir. Biznesim-zadım yoxdur. Deyə bilməzlər ki, Arif hörmət-izzətindən istifadə eləyib, on da dənə ev alıb. Çünki yoxumdur, bunu eləməmişəm. Mən heç vaxt adımdan istifadə eləməmişəm. Ən adi telefon işlədirəm.
– Əsasən, epizodik rollarınızla yaddaşlarda qalmısınız...
– Lap əla, bir kəlmə sözlə adamların qəlbini fəth eləmək asan məsələ deyil.
– Ələsgər Məmmədoğlu epizodik rollar ustası idi...
– Çox gözəl aktyor idi. Allah rəhmət eləsin. Sən niyə söhbəti əyirsən? Sən deməlisən ki, ay Arif Quliyev, epizod rollara çıxıb yadaşlarda qalmısan. Amma demirsən.
– Bəli, siz epizodik rolların böyük ustadısınız, bəsdir?
– Bayaq demirdin, indi dedin. Bəs niyə deyirsən ki, sizin yumorlara daha gülmürlər. Axı yalan deyirsən. Mən dünən toyda oldum, heç musiqiyə söz vermədilər. Yalan danışırsan.
– Toylara nə kimi gedirsiniz?
– Tamadalıq eləyirəm. Bir dənə "Bəyin oğurlanması"nda mənim oynadığım rol yüz dənə obraza bərabərdir. Min dənə elə-belə tamaşaya bərabərdir. Sadəcə, biz müsəlmanıq deyə bir-birimizə əyri baxırıq. Real olmaq lazımdır.
– Jurnalistlərlə niyə yola getmirsiniz?
– Əvvəllər jurnalistlər olub, mən Əzizə xanım Cəfərzadənin dərslərində oturmuşam. Ona böyük hörmətim olub. Özüm "Mingəçevir işıqları" qəzetində işləmişəm. O qəzetin müxbiri olmuşam. Əsgərlikdə olanda 180 dənə məqaləm çıxıb. Əsgərlərin mədəni həyatından yazılar yazırdım. Aktyorlar haqqında yazılarım "Ulduz"da, "Qobustan"da çıxıb.
– Dediniz interneti izləmək artıq şeydir, bəs qəzetlərə, jurnallara da baxmırsınız?
– Hamısını izləyirəm, qəzet insanların mədəni səviyyəsini artırmaq üçündür, insanların dünyagörüşünü artırmaq üçündür. Sadəcə, insan gərək özü təmiz olsun ki, başqasına da təmiz yanaşa bilsin. İnternetdə yalan şeylər yazırlar.
– Jurnalistlər arasında dostlarınız varmı?
– Bəli, əlbəttə, var, mən çox jurnalistlərlə dostam. Aqil Abbas, Faiq Qismətoğlu...
– Arif müəllim, sənətiniz bir tərəfdə qalıb, sosial şəbəkələrdə daha çox şəxsi həyatınızla müzakirə olunursunuz... Niyə bu şeylərə şərait yaradırsınız?
– Vallah, o söhbətlərin mənə dəxili yoxdur. Arayıb-axtarsınlar yaxşı şeylərimi yazsınlar. Yaza bilmirlər deyə yalançı şeylər axtarmağa başlayırlar. Mən 40 il işləmişəm, indi də istirahətdəyəm, həyatımı yaşayıram. Mənim adımdan saytlara niyə yalan şeylər yazırlar?
– Yalan yazırlar, məhkəməyə verin, cəzalarını çəksinlər...
– Yox, yox, mənim nəyimə lazımdır, məhkəməyə niyə verirəm ki? Hamısını Allahın ixtiyarına vermişəm. Yalan yazırlar yazsınlar, mənə nə? Arif yenə özüdür, hörməti-hörmət, adı ad...
– Böyük sənətkarsınız, amma faciəvi bir taleyiniz var, niyə əsasən, dramatik rollara çəkilmirsiniz?
– Mən Siyavuş Aslanı, Hacıbaba Bağırovu, Nəsibə Zeynalovanı, Yaşar Nurini böyük sənətkar sayıram.
– Çox əsəbisiniz, sizi heç belə təsəvvür eləməzdim...
– Aktyor bir sözdən bilir nə nədir, bir baxışdan hər şeyi başa düşür...