Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və maddi-texniki təchizatının təmini istiqamətində tədbirlər intensiv davam etdirilir

Bu gün Azərbaycan dünyada inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də müasir döyüş imkanlarına və dağıdıcı gücə malik Silahlı Qüvvələrinin olması ilə diqqəti cəlb edir. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirmək imkanlarına malik olan ordumuzun ən modern standartlara cavab verən səviyyədə formalaşması olduqca qürurvericidir. Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində Silahlı Qüvvələrimiz gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Aprel hadisələri Azərbaycanın hərbi qüdrətinin təsdiqi oldu

Ölkəmizin son illər dinamik inkişafı ordumuzun büdcəsinin artmasına və nəticə etibarilə güclənməsinə şərait yaradıb. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 12 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edir və Azərbaycanın iqtisadi inkişaf tempi Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayır. Çünki ordunun bütün istiqamətlər üzrə inkişafı ciddi nəzarətdədir. Ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin əsasını təşkil edən bütün hərbi birləşmələrin döyüş qabiliyyəti yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Artıq neçə illərdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bütün bunların nəticəsində Silahlı Qüvvələrimizin imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması istiqamətində işlər aparılır. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkili məsələlərinə xüsusi diqqət yetirilir. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti ilə yanaşı, həm də yüksək nizam-intizama malikdir.

Bu ilin aprel ayının əvvəllərində ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar göstərdi ki, hərbi toqquşmalar hər an yenidən alovlana bilər. Lakin ən əsası bir daha sübut olundu ki, Azərbaycan Ordusu baş verə biləcək müharibəni qısa müddətdə qələbə ilə başa çatdırmağa qadirdir. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bu barədə deyib: "Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik.
Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində 22 ildir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar dördgünlük müharibədə öz təsdiqini tapmış oldu.

HHQ-nin idarəetmə və təlim-tədris sistemi təkmilləşdirilir

Ermənistanın istənilən alçaq niyyətinin qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün respublikamız kifayət qədər və daha üstün imkanlara malikdir. Hərbi gücümüz istənilən təhdidin qarşısının alınmasına yüksək səviyyədə imkan verir. Qoşunların güclü döyüş qabiliyyətini saxlamaq məqsədilə hissə və bölmələr ən müasir artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, taktiki raket kompleksləri, zenit-raket kompleksləri, ağır odatan sistemləri, pilotsuz uçuş aparatları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub. Ordumuzun son illər öz arsenalına daxil etdiyi yeni hərbi texnikaların növləri kifayət qədər müxtəlifdir.
Fəxarət hissi ilə qeyd etməliyik ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər intensiv davam edir. Ən əsası, modernləşmə və döyüş qabiliyyətinin artırılması Silahlı Qüvvələrin bütün strukturlarını əhatə edir. Bir neçə gün əvvəl Hərbi Hava Qüvvələrinin yeni Birləşmiş Komanda Məntəqəsinin və yeni təlim-məşq poliqonunun istifadəyə verilməsi bunu təsdiq edir.
Məlum olduğu kimi, Azərbaycanın Hərbi Hava Qüvvələri imkanlarına görə Ermənistanın hərbi hava qüvvələrini dəfələrlə üstələyir. İstər hərbi təyyarələrin sayı, istərsə də keyfiyyəti baxımından Azərbaycan Hərbi Hava Qüvvələri öz arsenalını son illər əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər isə davam etdirilir. Müasir texnoloji avadanlıqla təchiz edilən yeni Birləşmiş Komanda Məntəqəsi Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarının səmərəli icrasını təmin edir.
Həmçinin Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Yeni təlim-məşq poliqonu məhz bu məqsədlə yaradılıb. Burada hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur. Buradakı tədris korpusunda kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.
Bütün bunların nəticəsidir ki, Silahlı Qüvvələrimizin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. Respublikamız döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Vətəndaşlarımız orduda baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini keçirilən təntənəli hərbi paradlarda da görüblər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar respublikamızda da var.