Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") Ermənistan, Azərbaycan və Misirdən pomidor tədarükünün əhəmiyyətli dərəcədə artmasından narahatdır.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

Məlumata görə, yanvar ayından fevraladək Ermənistandan tədarük olunan pomidor həcmi min tonadək, Misirdən 2 min tonadək, Azərbaycandan isə 3,5 min tonadək artıb.

Bununla belə, 2015-ci ilin analoji dövrü ərzində göstərilən məhsul Misirdən və Azərbaycandan cüzi miqdarda tədarük olunub, Ermənistandan isə ümumiyyətlə ixrac olunmayıb.

"Rosselxoznadzor" yaranan vəziyyətlə əlaqədar olaraq yaxın vaxtlarda bu ölkələrin sözügedən qurumları ilə telefon danışıqları aparmaq niyyətindədir.

Rusiya 1 yanvar 2016-cı il tarixindən Türkiyədən pomidor da daxil olmaqla bir sıra meyvə və tərəvəz növlərinin idxalına qadağa qoyub.