Rusiya Suriyanın Hələb şəhərində növbəti humanitar fasilənin tətbiq olunmasına qərar verib.
Unikal.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. O deyib ki, Hələbdə atəşkəs rejimi noyabrın 4-də saat 09-dan 19-a kimi tətbiq olunacaq:
"Bu qərar prezident Vladimir Putinin tapşırığı ilə qəbul olunub. Bu müddət ərzində Suriyadakı Rusiya Barışdırıcı Mərkəzinin yardımı ilə dinc əhali münaqişə bölgəsindən humanitar dəhliz vasitəsilə çıxarılacaq.
Baş Qərargah rəisi məlum qərarın Suriya rəhbərliyi ilə razılaşdırıldığını da bildirib:
"Amerikalı həmkarlarımızın müxalifləri terrorçulardan fərqləndirmək bacarığının olmamasını nəzərə alaraq bütün silahlı birləşmələrin liderlərinə müraciət edirik ki, döyüş fəaliyyətini dayandırsınlar və silahları ilə birlikdə Hələbdən çıxsınlar. Bunun üçün iki dəhliz təşkil olunub. Hansı ki, bu dəhlizlərdən hökumət qoşunları və texnikası uzaqlaşdırılıb. Qalan 6 dəhliz isə dinc əhalinin, yaralı və xəstələrin çıxarılması üçün fəaliyyət göstərir.
V. Gerasimov Rusiya Barışdırıcı Mərkəzinin və Suriya hökumət qüvvələrinin Hələbdən dinc əhalinin və silahlı birləşmələrin çıxarılmasının təhlükəsizliyinə zəmanət verdiyini də söyləyib.
Qeyd edək ki, bundan öncə Hələbdə oktyabrın 20-dən 22-nə kimi atəşkəs rejimi tətbiq olunub. Həmin vaxt Rusiya və Suriya hərbçiləri dinc əhali və terrorçuların bölgədən çıxarılması üçün 8 dəhliz təşkil ediblər. Dəhlizlərdən 6-sı dinc əhali üçün, 2-si isə terrorçuların bölgəni tərk etməsi üçün olub. Terrorçular tutduqları mövqelərdən geri çəkilməkdən imtina edərək dinc əhalinin də şəhəri tərk etməsinə imkan verməyiblər.