Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaq çərçivəsində Ankara prokurorluğu baş tutmamış qiyamın iki əlaqələndiricisini aşkar edib.
"Sabah" qəzetinin yazdığına görə, hərbi qiyamın əlaqələndirilməsində Ankara universitetinin müəllimi Adil Öksüz və iş adamı Kamal Batmaz ittiham edilirlər.
Kamal Batmaz 2016-cı ildə Adil Öksüzlə 4 dəfə ABŞ-a gedib. Adil Öksüz iyulun 13-də (hərbi çevriliş cəhdindən iki gün əvvəl -red.) Kamal Batmazla birlikdə ABŞ-dan qayıdıb.
Kamal Batmaz və Adil Öksüzün çevriliş cəhdinin idarə olunduğu ünvanlardan olan Akıncı bazası və Atatürk hava limanındakı görüntüləri ortaya çıxıb.
Kamal Batmaz hazırda FETÖ istintaqı çərçivəsində həbsdədir. Adil Öksüzün adı isə Türkiyə Daxili İşlər Nazirliyinin "terrordan axtarılanlar" siyahısına daxil edilib.Təşkilatın imamlarından biri və hərbi çevrilişə cəhddə bir nömrəli mülki şəxs olduğu iddia edilən Adil Öksüzün Qırğızıstan üzərindən Avstraliyaya qaçdığı bildirilir. O, "paralel dövlət"in mətbu orqanı olan "Yeni Ümid" dərgisində məqalələrlə çıxış edirdi. Adil Öksüzün Fətullah Gülənlə uzun illər yaxın münasibətdə olduğu bildirilir.
Türkiyə hakimiyyəti onun tutulması üçün 4 milyon lirə (təxminən 1,3 milyon dollar) mükafat vəd edib.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə isə Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi prosesini idarə edən 3 nəfərlik heyəti müəyyən edilib.
Həmin heyətin FETÖ-nun Türkiyə Silahlı Qüvvələrindəki imamı Adil Öksüz, "Kaynak Kağıt" şirkətinin sabiq müdiri Kamal Batmaz və elektrik mühəndisi Harun Binişdən ibarət olduğu müəyyənləşdirilib.