"Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşündə deyib.

Nazir əlavə edib ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Öz növbəsində, S. Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipal xarakter daşıdığını və bu məsələdə beynəlxalq legitimlik və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirin. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğulayıb.

E. Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.