Maraq insan idrakının emosional təzahürüdür. Fərddən-fərdə dəyişən hobbidən danışacağıq. Söhbət evini qəzet muzeyinə çevirən Sumqayıt sakinindən gedir. 14 il əvvəllin gündəmi kolleksiyasında toplanıb. Ən böyük arzusu isə "Qarabağ işğaldan azad olundu xəbəri yazılan mətbu orqanını arxivinin ən gözəl güşəsində yerləşdirməkdir.

Cəmiyyətin güzgüsü, milli oyanış, milli özünü dərk prosesinin əsas istiqamətverici vasitələrindən biri də qəzetdir. İnsan yaşının üstünə yaş gəldikcə həyatını daha mənalı etməyə çalışır. Oxuyur, mütaliə edir... Amma qəzetləri təkcə oxumaqla kifayətlənməyənlər də var. Məsələn, Sumqayıt sakini Tərxan Paşazadə kimi. O, ən böyük arzularından birini reallaşdırıb. Dediyinə görə, analoqu olmayan kolleksiya yaradıb. Bu topluma isə ölkəmizdə çap olunan qəzetlərin ilk buraxılışları daxildir.

Tərxan sevimli məşğuliyyəti ilə artıq 14 ilə yaxındır ki, məşğul olur. Kolleksiyanın ilk eksponatı isə onun təhsil aldığı Bakı Slavyan Universitetinin təsis etdiyi "Tələbə dünyası nəşri olub. Yüzlərlə qəzeti toplamaqda ona valideynləri də yardımçı olub. Xüsusilə də atası...

Tərxan deyir ki, 300-ə yaxın qəzeti toplamaq ona elə də asan başa gəlməyib. Dostları və kolleksiyaçının özü də hesab edir ki, onun qoruduğu bu qəzetlər nə vaxtsa aparılacaq tədqiqatçılar üçün əhəmiyyətli olacaq.

İndi onun reallaşdırmaq istədiyi iki arzusu var. Birincisi Dağlıq Qarabğın işğaldan azad olunması xəbərini dərc edən qəzetin ilk nömrəsini əldə etmək. Bundan sonra isə bədnam qonşularımız tərəfindən zəbt olunan tarixi torpaqlarımızda topladığı kolleksiyasının sərgisini keçirmək. Tərxan özü də bilir ki, o gün uzaqda deyil! Tezliklə dədə-baba yurdlarımız tarixi sahiblərinə qovuşacaq. Bizim də arzumuz qəhrəmanımızın bu istəyini işıqlandırıb sizlərə çatdırmaq olsun!!!

RAMİL ZEYNALLI