Hesablama Palatasının apardığı yoxlama zamanı üzə çıxan nöqsanlar Adil Məmmədovu bitirə bilər
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.
Hesablama Palatasının mətbuat xidmətindən unikal.org saytına verilən məlumata görə, iclasda yoxlama qrupunun məlumatı və fəaliyyət istiqaməti üzrə məsul Auditorun təqdim etdiyi Hesabat dinlənilib.
Auditor Qobustan Rayon İcra Hakimiyyəti (İH) tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinın müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilmədiyini diqqətə çatdırıb.
Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyini bildirərək, Auditor, İH tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmədiyini, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğunu, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilmədiyini nəzərə çatdırıb.
Eyni zamanda, mal-material qiymətlililərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verildiyi, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmadığı, İH və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmadığı qeyd edilib.
Auditor müəyyən olunmuş nöqsanların bir hissəsinin audit zamanı Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən aradan qaldırıldığını bildirərək podratçı təşkilatlarla satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə tam riayət olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına nəzarətin gücləndirilməsini zəruri hesab etmişdir. Eyni zamanda büdcə vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq hesab olunub.
İclasda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərarın surəti Qobustan Rayon İcra Hakimiyyətinə göndərilmiş, auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.
«Unikal»ın
apardığı araşdırmaya görə, Qobustanın icra başçısı Adil Məmmədov Hesablama
Palatasının apardığı yoxlamadan narahat olub. Əldə etdiymiz məlumata görə,
yoxlamanın nəticələrinin bu şəkildə ictimailəşdirilməsi A.Məmmədovun «kürkünə
birə salıb». Bizi bilgiləndirən şəxs deyib ki, Hesablama Palatasının rəsmi
açıqlamasından sonra icra başçısı əl-ayağa düşərək himayədarlarından yardım istəyib:
«Bildiyiniz kimi, Hesablama Palatası il ərzində apardığı yoxlamaların nəticələri
ilə bağlı Milli Məclisdə hesabat verir. Xatırlayırsınızsa, ötən il bəzi dövlət
qurumlarında aşkarlanan yeyinti və korrupsiya halları barədə prokurorluğa da
müractiət olunmuşdu. Həttu Hesablama
Palatasının aşkarladığı qanunsuzluğa görə bir sıra şəxslər barəsində cinayət
işi də açılmışdı. Elə bu səbəbdən də Adil Məmmədov aparılan yoxlamalar zamanı
aşkarlanan nöqsanların bu şəkildə ictimailəşdirilməsindən narahatdır».
Məlumatlı
şəxs deyir ki, A.Məmmədov karyerasına yaranan bu təhlükəni gördüyü üçün hərəkətə
keçib. Amma vəziyyət o həddə çatıb ki, onu himayə edən şəxslər də icra
başçısını qoruya biləcəklərindən əmin deyillər. Çünki Prezident İlham Əliyev
son müşavirədə məmurlara sərt xəbərdarlıq edib. O, icra başçılarının fəaliyyətinə
ciddi nəzarətin edilməsini vacibliyini nəzərə çatdırıb. Ölkə başçısının bu xəbərdarlığından
sonra Adil Məmmədovun qanunsuz əməllərinə göz yumulacağı inandırıcı görünmür. Yəqin
ki, qarşıdakı dövrdə onunla bağlı sərt qərarların verildiyinin şahidi olacağıq.
Qərib Gərayzadə