Mahir Quliyev büdcə vəsaitlərinin talanması üçün yeni metodlar kəşf edib

Məlum olduğu kimi, bir müddət öncə Prezident İlham Əliyev Hydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirdi. Tədbirdə "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı"nın icrası və qarşıdakı dövrdə həyata keçiriləcək işlər müzakirə olundu.

 

Həmin tədbiri ölkə başçısının rayon rəhbərlərinə xəbərdarlıq toplantısı kimi də qiymətləndirmək olar. Belə ki, sözügedən toplantıda Prezident icra başçılarına yerlərdə əhalinin problemlərini həll etmək, sahibkarlara şərait yaratmaq, işsizliyi aradan qaldırmaq və bu kimi digər həlli vacib məsələləri tapşırdı. Amma deyəsən, bəzi icra başçıları qulaqlarını tıxayaraq, ölkə başçısının xəbərdarlıqlarını eştimək istəmirlər.

 

«Unikal»a daxil olan məlumata görə, həmin müşavirədən sonra bir sıra rayonlarda işsizliyin aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də, Biləsuvarda «pripiska» ilə məşğuldurlar. Əldə etdiyimiz məlumata görə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayona ayrılan büdcə vəsaitlərinin talanması üçün yeni metodlar fikirləşib. Bu barədə bizi bilgiləndirən rayondakı vəzifəli şəxslərdən biri deyib ki, Mahir Quliyev işsizliyin aradan qaldırılması istiqamətində səylər göstərməkdənsə, vəziyyətin daha da kritikləşməsinə çalışır: «Bildiyiniz kimi, manatın devalvasiyasından sonra ölkədə, o cümlədənbölgələrdə iqtisadi sıxıntılaryaranıb. Nəticədə də müəyyən iş yerləri bağlanıb, əhali arasında işsizlik artıb. Cənab Prezident də icra başçılarına işsizliyin aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Amma Mahir Quliyev tapşırığı yerinə yetirmək əvəzinə, bu sahəyə ayrılan vəsaitin mənimsənilməsinə rəvac verir. Belə ki, icra başçısı məşğulluq idarəsinin rəhbərinə göstəriş verərək münasib adamlara işsizlik müavinətinin ayrılmasını tapşırıb. Yəni, müəyyən adamlara müavinət verilir, amma həmin məbləğin 50-60 faizi geri alınır. Rayon ərazisində xeyli sayda insana işsizlik müavinətinin verildiyini nəzərə alsaq, kifayət qədər vəsaitin yığıldığını hesab etmək olar. Məndə olan məlumata görə, il ərzində 300-400 min manat təkcə bu sektordan qazanırlar».

Bizi bilgiləndirən şəxs Mahir Quliyevin başqa gəlir yerlərinin də olduğunu bildirib. Onun sözlərinə görə, icra başçısı sahibkarlardan da qeyri-qanuni vəsaitlər toplayır ki, bu vəsaitlərin də həcmi yüz minlərlə manat civarındadır. «Bundan əlavə, icra başçısının göstərişi ilə rayonda fəaliyyət göstərən bütün sahibkarlardan zibil pulu yığılır ki, bu sahədən əldə olunan vəsaitlərin həcimi də çox böyükdür. Onu da qeyd edim ki, icra başçısının göstərişi ilə həmin sahədə toplanan vəsaitlərin böyük qismi rəsmiləşdirilmir. Yəni, ay ərzində yüz min manata qədər pul toplanırsa, rəsmi rəqəmlərdə bu sahədəki statistika 3-5 min arasında dəyişir», - deyə mənbə bildirib.

 

Görünən odur ki, Mahir Quliyev ölkə başçısının tapşırıqlarının icrasını deyil, şəxsi maraqlarının təmin olunması barədə düşünür. Nəticədə isə rayonda yaranan narazılıq dərinləşir. M.Quliyevin fəaliyyətində müxtəlif istiqamətlərdə qanunsuzluqlar var. Araşdırma apardıqdan sonra bu barədə detallı məlumat verəcəyik.

 

Qərib Gərayzadə