Prezident İlham Əliyev ölkəmizə yeni təyin olunan səfirləri qəbul edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.

Unikal.org xəbər verir ki, səfir Petros Tseqqai Asghedom fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Petros Tseqqai Asghedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Petros Tseqqai Asghedom Eritreya Dövlətinin Prezidenti İsaias Afeverkinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. Səfir əməkdaşlığımızın inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin o qədər də fəal olmadığını vurğulayan dövlətimizin başçısı İlham Əliyev Petros Tseqqai Asghedomun səfir kimi Azərbaycanda fəaliyyətinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi. Ticarət sahəsində əməkdaşlığın çox aşağı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirin ölkəmizin müxtəlif strukturlarının nümayəndələri ilə çoxlu görüşlər keçirəcəyinə, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya dövlətinin başçısına çatdırmağı xahiş etdi.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.
Unikal.org xəbər verir ki, səfir Genti Qazheli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Genti Qazheli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğuladı. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu dedi. İkitərəfli əlaqələrimizin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığımızın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirdi. "Cənub Qaz Dəhlizi kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu dedi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirdi. İkitərəfli əlaqələrimizdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söylədi, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd etdi və bu baxımdan tərəfdaşlığımızın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirdi.

Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını dedi. Diplomatik əlaqələrimizin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirdi və iqtisadi əlaqələrimizin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.




Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri



Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri