Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonağı salamlayaraq, Sumqayıtın tarixi barədə məlumat verib, şəhərin inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, yeni tikilən müəssisələrdən danışıb. Z.Fərəcov Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
Səfir Meksika-Azərbaycan əlaqələrindən söz açaraq, ölkəsinin Tabasko ştatı ilə Sumqayıt şəhəri arasında qardaşlıq əlaqələrinin yaradıla biləcəyini deyib. O, Tabaskonun Meksikanın neft sənayesinin mühüm işgüzar mərkəzi olduğunu vurğulayıb.
Meksikalı diplomat səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən "Azərtexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətin polad boru zavodunun işi ilə tanış olub. Bildirilib ki, burada təyinatı üzrə beynəlxalq standartlara cavab verən keyfiyyətli borular istehsal edilir.
Sumqayıt Texnologiyalar Parkı ilə tanışlıq zamanı bildirilib ki, 2009-cu ildən istifadəyə verilən parkda 17 zavod fəaliyyət göstərir. Texnologiyalar Parkı 2012-ci ildə iki beynəlxalq İSO standartı alıb ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxarılmasına imkan yaradıb.
Daha sonra Meksika diplomatı dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilən "Alyans Tekstil" tikiş fabrikində istehsal prosesi ilə tanış olub. Məlumat verilib ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri istehsal etmək gücünə malikdir. Fabrikin əsas xammalı olan parça Sumqayıtda yerləşən "Gilan" Tekstil Parkından alınır.
Azərtac