Unikal.org xəbər verir ki, o bu haqda milli.az-a danışıb: "İndiki filmlərin, demək olar ki, heç biri yadda qalmır. O vaxt çəkilən ən zəif film bu gün çəkilən seriallardan qat-qat güclüdür. Elə misal olaraq mənim çəkildiyim "Qaraca qız" filmini götürək. Bu filmdə dostluq tərənnüm olunur, kasıb-dövlətli təbəqələşməsi tənqid olunur. Bunun özü də tərbiyəvi mövzudur. İndi amma əksər seriallar tərbiyəsizliyi tərənnüm edir. İlk növbədə seriallarda qadınlarımızı çox pis təqdim edirlər. Qadını ya cinayətkar kimi, ya da xəyanətkar kimi göstərirlər. Axı Azərbaycan qadınlarının hamısı həyat yoldaşına xəyanət etmir. Çəkilən ekran işlərində mən aktrisanın oyununu görmək istəyirəm, amma görmürəm. Aktrisalar süniləşib, istər daxilən, istərsə də xaricən. O qədər əməliyyat edirlər ki, efirdə müqəvvaya oxşayırlar. Aktrisa demək o deyil ki, sən gündə əməliyyat olunmalısan. O aktrisa rolu necə oynasın? Onda təbiilik yoxdursa, o insanlara necə təbii təsir bağışlaya bilər? Tamaşaçı ondan hansı tərbiyəni götürsün? Rejissor bunu görməlidir və duymalıdır".
Leyli xanımı üzən digər bir səbəb isə məşhurların İnstagram-da paylaşdıqları açıq-saçıq fotolarıdır:"Vallah, mən İnstagram-ı utandığımdan aça bilmirəm. Hansı səhifəyə daxil oluram, müğənnilərimizin eybəcər, əxlaqsız fotoları ilə rastlaşıram. O qədər açıq-saçıq geyinirlər ki, elə bil, özlərini satışa çıxarırlar. Vallah, ayıbdır, bir az utansınlar. Bizim milli mentalitetimiz var, niyə xaricdən örnək götürməliyik? İndi deyəcəklər ki, Leyli aktrisa deyil, bizi pisləyir. Mən bir aktrisa kimi yox, adi insan kimi bu sözləri deyirəm və narazılığımı bildirirəm. Bu sözləri demək üçün mütləq həmkar olmaq lazım deyil. Siz daxil olub həmin müğənnilərin səhifəsinə baxsanız, tamaşaçıların onları necə söyüşlərlə təhqir etdiklərini görəcəksiz".