Əməkdar artist Elza Seyidcahanın himnimizi ifa edərkən sözlərini səhv deməsi səs-küy yaradıb.
Unikal.org-un məlumatına görə, axşam.az-a açıqlama verən müğənni bildirib ki, bunu bilərəkdən edib.
E.Seyidcahan onu qınayanlara sərt cavab verib:
"Dövlətimin xüsusi günlərində hər zaman fərqli addımlar atmışam. Bu dəfə Bayraq Günü ilə əlaqədar aksiya keçirdim. Küçədə bayrağımızın rənglərini əks etdirən libasla dolaşıb, himnimizin sözlərinin yer aldığı bukletlər və bayrağımızı payladım. Böyüyündən tutmuş, balacasına kimi hamının diqqətini çəkdim. Hər kəsi himnimizi oxumağa çağırdım.
Mədəniyyət və Turizm Nazirliyindən mənə zəng vurub, fikir bildirdilər, aksiyamı alqışladıqlarını dedilər. Tamaşaçılardan kim mənə "sağ oldedi? Amma yayılan bir videoya görə ağızlarına gələni yazdılar. Elza Seyidcahan himnini bilmir? Mən nəvəmə də laylay əvəzinə himnimizi oxuyuram. O videonu isə özüm çəkib paylaşdım. Himn oxuyarkən sözləri özüm bilərəkdən o formada oxudum, improvizə etdim. Düzgün oxusaydım, bu qədər yayılardı? Bilərəkdən etdim ki, hamı danışsın, danışdılar da... Mənim layihəm hamını yaxşı mənada silkələdi. Mən himnimə hörmətsiz yanaşıb, ona xələl gətirmərəm. Himni heç vərəqdən oxumağı özümə yaraşdırmaram. Ayıb olsun ki, yaxşını qoyub, məni pis etmək istədilər. Azərbaycan qadınıyam, anayam, təmiz adıma ləkə yaxılmasına imkan vermərəm. Bəzi müğənnilər kimi tədbirdə himni oxuyanda sözləri çaşıb deyə bilməyənlərdən deyiləm.
E.Seyidcahan sosial şəbəkələrdə onu təhqir edənləri məhkəməyə verəcəyini bildirib:
"Evdə oturub, sosial şəbəkədə onu-bunu təhqir edənlər məhkəmədə cavab verəcəklər. Siz, Bayraq Günündə xalq üçün nə etdiniz? Əgər sizin kimi olsaydım, bayram günü şəhərə çıxıb, vətənim üçün nəsə etmək əvəzinə, evdə oturub, kabab yeyərdim".