Bakıda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov görüşü açaraq ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verib.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a daxil olan xəbərə görə, ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün daha əlverişli biznes mühiti yaradılması məqsədilə cari ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dövriyyəsi 200000 manatdan yuxarı olan, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib. Bu zaman ticarət sektorunda çalışan sahibkarlıq subyektləri 6%, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər. O cümlədən, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb ki, bu da bir çox sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi rejimini tətbiq etmək imkanı verir.
S. Ələkbərov bildirib ki, vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması hazırda qarşıda duran ən mühüm məsələlərdən biridir. Vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli və sənədləşdırmə işlərini qaydasına salmalıdırlar. Bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri Bakı Vergilər Departamentinə və müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Sonra vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov çıxış edərək, ticarət obyektlərində sənədsiz malların satışının yolverilməz olduğu və yaxın vaxtlarda bununla bağlı nəzarət tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. Görüşdə nəzarət-kassa aparatlarından və POS-terminallardan istifadəni genişləndirmək, vergi orqanları ilə partnyorluq münasibətlərini dərinləşdirmək və ortaya çıxan sualları birlikdə həll etməklə bağlı tövsiyələr verilib.