Gürcüstan parlamentinin yeni sədri bəlli olub.
Unikal.org-un APA-ya istinadən xəbərəinə görə, qanunverici orqanın bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ. Kobaxidze parlamentin sədri seçilib.
Yeni sədr çıxışında bildirib ki, fəaliyyəti zamanı neytral olacaq: "Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm.
Qeyd edək ki, İ. Kobaxidze "Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi idi. 1978-ci il təvəllüdlü yeni sədr Almaniyanın Düsseldorf Universitetində hüquq təhsili alıb. Son vaxtlara qədər Cavaxişvili adına Tiflis Dövlət Universitetində çalışıb. Hüquq professorudur.
Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim "Gürcü Arzusu və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan "Vətənpərvərlər İttifaqı formalaşdırıb.